"Platondan tutmuş Kanta qədər bir çox filosoflar ideyanın materiya və hərəkətdən öncə gəldiyi, daha əsas olması fikrini irəli sürüblər. Müsair siyasi fəlsəfə də buna bənzər şəkildə ehtiyacların inkişaf prosesində hərəkətverici qüvvə və səbəb olması fikrini qəbul edir.
Bu iki cümləlik fəlsəfi müqəddiməni verməkdə məqsədim niyə mövcud problemlərin əlində aciz qalmağımızın səbəbinə diqqəti cəlb etməkdir. Bu müqəddimədən də aydın olur ki, hər hansı nəticənin olması üçün ilk növbədə onun haqqında ideya və ya bunla bağlı ehtiyac olmalıdır. Yəni bir avtomobil düzəltmək üçün öncə avtomobil ideyası olmalıdır və ya avtomobil almaq üçün ona ehtiyac duymaq gərəkdir.
Deməli, xalq olaraq ölkəmizdə dəyişikliklərin olması, ədalətli cəmiyyət qurmaq üçün bizi birləşdirən demokratik cəmiyyət arzusuna sahib olmağımız gərəkdir. Belə bir ədalətli cəmiyyət ideyası sosial ehtiyaca çevrilməyəcəyi təqdirdə, kütləvi şəkildə də dəyişikliklər uğrunda mübarizədə iştirak etməyimiz alınmayacaq. Böyük fransız sosial filosofu Qustav Lebon da haqlı olaraq yazır ki, kütləni ortaq hədəf və arzular hərəkətə gətirir.
Problem də ondadır ki, Əliyevlər hakimiyyətindən narazı olan Azərbaycan xalqının fərqli cəmiyyət idealı varmı və ya bu ideya nə qədər insan üçün sosial ehtiyacdır?
Bu baxımdan bu günümüzün problemi heç də mövcud rejimin güclü və ya məğlub edilməz olmasında deyil,sadəcə olaraq bizim xalq olaraq xilasımız olacaq ideyaya sahib olmamağımızdadır, dəyişiklik tələbini sosial ehtiyaca çevirə bilməməyimizdədir.
Hələ də böyük əksəriyyət yaşadığı çətinlikləri, həyatın ağırlığını öz bəxtinin uğursuz qisməti və ya şanssızlığ kimi görür. Əksər insanlar ictimai qaydaların ədalətsiz olmasını, hüquqi bərabarliyin pozulması və xalqın seçmək imkanından məhrum edilməsinin onun həyatına gətirdiyi iqtisadi,mənəvi fəsadları doğru düzgün anlamır. Ona görə də bu barədə danışanda bu mövzuları siyasətçilərin problemi sayaraq siyasətə qarışmadığını bildirir.
Demək, çıxış yolu cəmiyyətimizdə ədalətli və demokratik cəmiyyət ideyasını sosial ehtiyaca çevirməkdən keçir. Bunu isə ölkədəki ədalətsizliyin fərqində olan bütün demokratik düşüncəli insanlar davamlı və geniş təbliğat fəaliyyəti ilə yarada bilərlər".


