Aprelin 15-də Bakı Apelyasiya Məhkəməsində vəkil Əlayif Həsənovun apelyasiya şikayətinə baxılacaq. Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi noyabrın 6-da vəkilə məhbus Nuriyyə Hüseynovanın iddiası əsasında hökm çıxarıb. Əlayif Həsənov 240 saat ictimai işlər cəzasına məhkum edilib. Məhkəmə onu böhtan və təhqirdə günahkar bilib.
Nuriyyə Hüseynova Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla bir kamerada saxlanıb. Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadla açıqlama yaymışdı ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Nuriyyə Hüseynova Əlayif Həsənovu buna görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.
Əlayif Həsənov Bakı Apelyasiya Məhkəməsinə şikayətində qeyd edir ki, cinayət törətməyib, ittiham hökmü ilə razılaşmır, bəraət istəyir.
azadlıq.info


