Çavuşoğludan Papaya Xocalı xatırlatması

«Qətl edilən azərbaycanlıları niyə yada salmırsız?»
 

«20 il əvvəl hamının gözü qarşısında baş verən Xocalı qətliamını, ermənilərin öldürdüyü azərbaycanlıları niyə yada salmırsız?». Bu sualı Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Roma Papası Fransiskə cavabı zamanı səsləndirib. Çavuşoğlu bildirib ki, məhkəmə qərarı ola-ola Bosnyada baş verənlərə soyqırım adı verilmir. Amma 1915-ci il olayları heç bir məhkəmə və BMT qərarı olmadan soyqırım adlandırılır: «1915-ci il olaylarını gördükmü, yaşadıqmı? Qoy, komissiya qurulsun, arxivlər açılsın. Alimlər gəlsin, üçüncü ölkələrdən də nümayəndə olsun. İstəyirlərsə, Vatikandan da alimlər gəlsin. Bu qədər məhdud məlumatla erməni soyqırımı barədə açıqlama verirsiz. Bəs, 20 il əvvəl hər kəsin gözü önündə baş vermiş Xocalı qətliamını – ermənilərin azərbaycanlıları qətlə yetirməsini niyə yada salmırsız? Madam, yaşanan acıları anırıq, bunu niyə yaddan çıxarırsız? Göründüyü kimi, din millətçiliyi və təbliğatın təsiri altında ortaya belə bir açıqlama çıxıb. Bu açıqlama bizim üçün yox kimidir. Bu açıqlama yalnız o qurumu və onun başındakı insanın etibarını zədələyə bilər. Türkiyə əleyhinə oyunlar oynanılır. Bu səbəbdən Türkiyə çox güclü olmalıdır».
 
Papanı qeyri-səmimilikdə ittiham edən Çavuşoğlu onun Türkiyədə məsələ ilə bağlı tam başqa mövqe sərgilədiyini xatırladıb: «İstər dövlət rəhbəri, istərsə də dini lider olsun, fikirlərinin bir-birilə ziddiyyət təşkil etməməsinə diqqət etməlidir. Xüsusən, dini liderlər nifrəti yox, sülhü ön plana çıxarmalıdır».
 
Xatırladaq ki, Roma Papası Fransiskin «erməni soyqırımını» 20-ci əsrin ilk soyqırımı adlandırmasından sonra Türkiyə ilə Vatikan
 
arasında gərginlik yaranıb. Türkiyənin ayrı-ayrı qurum və şəxslərindən Papaya etirazlar davam edərkən İtaliya da katoliklərin dini liderinin müdafiəsinə qalxıb. Ölkənin siyasi partiyaları tərəfindən İtaliya hökumətinə «erməni soyqırımını» tanımaq və sonadək Papanı dəstəkləmək barədə tələblər səsləndirilib.
 
Türkiyə məlum açıqlamadan bir gün sonra Vatikandakı səfirini məsləhətləşmə aparmaq üçün geri çağırdı. Vatikanın Ankaradakı səfirinə isə Türkiyənin Papanın bu bəyanatına sərt cavab verəcəyi ilə bağlı mesaj verildi. Məsələyə baş nazir Əhməd Davudoğlunun da sərt reaksiyası oldu.
 
Gültəkin