Günel Həsənli Cəmil Həsənlinin qızı olmasaydı…

Azərbaycanda 86 yaşlı nənəni bu qədər çox istəyən, onun haqqını qoruyan iqtidar və işləyən qanunlar varmış, bizim də xəbərimiz yoxmuş. Necə ola bilər axı, hər gün yolda, evində, dükanda haqqı pozulan, bir tikə çörəyə möhtac qaldığına görə özünə od vurub yandıranların məmləkətindəÿkiminsə haqqı qorunur?! Necə inanaq ki, evləri başlarına uçurulan vətəndaşdan tutmuş, haqqı tapdanan Qarabağ qazisinə qədər ən adi insani haqlardan məhrum edilənlərin ölkəsində indi durub birdən-birə yaşlı və kimsəsiz bir nənəyə sahib çıxanlar tapılıb?!

Bir anlıq düşünək, Günel Həsənli Cəmil Həsənlinin qızı olmasaydı, proseslər necə cərəyan edərdi? Ədilə nənə yenə də bu qədər “dəyərli və əziz xələf” olacaqdımı?
Yox, olmayacaqdı.
Məsələ budur ki, Cəmil Həsənlidən qisas almaq üçün əllərinə fürsət düşüb. Prezident seçkilərindəki məğlubiyyətin acısını çıxarmaq üçün gənc bir xanımın və övladlarının əzabı, günahsızlığı vicdansızlar tərəfindən məhkəmə adı ilə hərraca çıxarılıb.
Elə buna görə də, dünənə qədər evində acından öləcəyi halda kimsənin hayına yetmədiyi 86 yaşlı Ədilə nənənin bütün etirazlarına baxmayaraq, yapışıblar ki, yox, sən zərərçəkənsən. Nənə israr edir ki, ay balam, əl çəkin, mən zərərçəkən-filan deyiləm. Amma hakimlər yapışıb ki, yox, sən bilmirsən, ayağın sınıb, başın qanayıb, qolun sıyrılıb, bir sözlə, sənə ziyan dəyib.
Maraqlıdır, bu nənə başqa birinin maşınıyla vurulsaydı, hələ bir yolda qalıb, Allah eləməsin, canını tapşırmış olsaydı, o zaman hakimlər verilən pulun hərarətində qızınardı, yoxsa qanun naminə onun haqqını axıra qədər müdafiə edərdi?
Cavab aydındır. Çünki burası Azərbaycandır…
Və Azərbaycanda iqtidarda oturub özünü fövqəl hesab edənlər bu qədər gülünc və qeyri-ciddi olmağı özünə rəva görür.
Bu hadisədə hakimiyyətin sifarişinin oyuncağı olan hakimləri, yoxsa bu işi birbaşa sifariş edənləri günahlandıraq? Ya bəlkə günahlandırmayaq, onların vicdanına, ləyaqətinə, heysiyyətinə, mərhəmətinə xitab edək? Amma necə, olmayan şeyə müraciət etməyin bir faydası ola bilərmi?
Insan bəzən əxlaqını itirir, amma vicdanı qalır. Amma bir gün vicdanını da itirə bilər. Onda da ədalət dövriyyəyə girər. Bilmədi, xarakteri boş oldu, ədalət də əldən getdi, qaldı sonuncu – mərhəmət. Onu da itirdisə, daha o insana nəyə görəsə xitab etməyin, hansısa əməlinə görə onu suçlamağın heç bir əhəmiyyəti yoxdur. Heç bir dəyərə və mənəviyyata malik olmayandan heç nə ummaq olmaz.
Bu ölkə onsuz da ümid, arzu, xəyalların öldüyü məmləkətdir. Yaşlı bir qadına saxta ifadə almaq üçün hədə gələnlərin, gənc bir qadını günahsız yerə övladlarından uzaq tutanların, mənəvi-əxlaqi cəhətdən ölmüşlərin cənazəsi əslində, çoxdan ortada qalıb, ağlayıb basdıranı yoxdur.
Bu “ölüləri” əslində, xalq ağlayıb basdırmalıdır. Amma görünən o ki, xalq bu ölülərin ətrafa yaydığı üfunət və rəzalətdən rahatsız deyil. Hamı susur.
Məsələn, başqa vaxt özünü körpüdən atanların psixoloquna çevrilən, "vətən, millət, Sakarya" deyən Qənirə Paşayevanın görəsən səsi niyə çıxmır? “Mən şikayətçi deyiləm” deyən bir nənənin haqqını niyə müdafiə etmir? Hanı Bahar Muradovanın, Rəbiyyət Aslanovanın "humanizmi"? Gülər Əhmədovaya çatanda ölkə qanunlarının işlək hala gələn humanizmi Cəmil Həsənlinin qızına gələndə niyə bu qədər sərt və prinsipial oldu?!
Cavablar bəlli…
Qisası yaşlı bir qadının üzərindən alacaq qədər ləyaqətini itirmişlərin idarə etdiyi bir ölkədə dara çəkilən qanunlardan, köləyə çevrilmiş millət vəkillərindən, hakimlərdən nə gözləyəsən ki?!
Ya qarşıdan gələn Gül bayramında bir-birini əzməyə hazır olan vətəndaşdan nə gözləyəsən? Məgər elə adını çəkdiyim kölə və aşağılıq kompleksindən əziyyət çəkənləri bəsləyən, onları alqışları və yaltaqlığı ilə ayaqda tutan bu xalq deyilmi? Heydər Əliyevin xatirəsinə keçirilən konsertlərdə əl qaldırıb oynayan, evindəki körpəni belə, boynuna mindirib o bayağı konsertə gətirən kimdir görəsən? Xalq! Bunu görməmək mümkün deyil.
Iqtidar da görür. Və bu xalqın xaraketi, qorxusu üzərində taxt quranlar rahatdır. Çünki bilirlər ki, bu xalqdan onlara zaval yoxdur.