Dadayev Moskvaya biznes qurmağa gəlibmiş

Boris Nemtsovun qətlində təqsirləndirilən Çeçenistandakı «Şimal» batalyonunun keçmiş zabiti Zaur Dadayev həbsxanada ilk dəfə öz vəkili Şamsudin Tsakayevlə ilə görüşüb. Buna qədər onun hüquqlarını dövlətin təyin etdiyi vəkil müdafiə edirdi. Dadayev vəkilinə Nemtsovu qətlə yetirmədiyini və günahsızlığını sübut etmək üçün hər şeyə hazır olduğunu bildirib.
 
Hüquq-mühafizə orqanlarındakı fəaliyyətindən söz açan Z.Dadayev bildirib ki, əvvəllər Axmat Kadırovun təhlükəsizlik xidmətində işləyib. 2004-cü ildə isə «Şimal» batalyonuna keçib. Dediyinə görə, fəaliyyəti dövründə bir neçə orden və medalla təltif olunub, onlarla xüsusi əməliyyatda iştirak edib. Həmçinin ötən ilin sonunda silahlılar tərəfindən ələ keçirilmiş məktəb binasını təkbaşına geri qaytarıb.
 
Moskvaya gəlişindən danışan Dadayev bildirib ki, Rusiya paytaxtına mühafizə xidməti bazarını öyrənmək və bu sahədə öz biznesini qurmaq üçün gəlib. Dadayev Moskvada olduğu müddətdə qaldığı ünvanları da açıqlayıb. Bildirib ki, həbsi onun üçün gözlənilməz olub. Etirafedici ifadələrə gəlincə, bunları işgəncə altında verdiyini deyib. «Elktroşokun təsirindən dişlərim indiyə qədər ağrıyır» deyə, Dadayev vəkilinə şikayətlənib.
 
Vəkil Tsakayev Dadayevin təqsirsizliyinə əmin olduğunu və istintaqa verdiyi ilkin ifadələrin həqiqəti əks etdirmədiyini bildirib.
 
Gültəkin