
Müsavatın 19 aprel tarixinə planlaşdırdığı yürüşün keçirilməsilə bağlı bu gün partiya təmsilçisi Razim Əmiraslanlı Bakı Şəhər İcra Hakimiyyətinin qəbul otağında oldu. Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib. O bildirib ki, görüşdə Razim Əmiraslanlıya yürüşə icazə verilmədiyi deyilib:
“Ona planlaşdırdıqları yürüşün nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan, yürüşdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin yaranma ehtimalını nəzərə alaraq, yürüşün keçilrilməsinin mümkün olmadığı bildirildi.
Razim Əmiraslanlıya həmin tarxidə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3155 məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirilməsi təklif edilib. O isə bildirib ki, mitinq keçirmək niyyətləri yoxdur”.
***
Müsavatın 19 aprelə təyin etdiyi yürüşlə bağlı partiyanın Divan üzvü və təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilib. R.Əmiraslanlını BŞİH-də Aparat rəhbəri və ictimai-siyasi qurumlarla iş şöbəsinin müdiri Zaur Ramazanov başqa bir şöbə müdiri ilə birlikdə qəbul edib. Görüş barədə R.Əmiraslanlı özü musavat.com-a məlumat verib:
“Onlar Müsavat Partiyasının 20 yanvar metrostansiyasının yanındakı meydandan başlamaqla Həsən bəy Zərdabi prospektindən keçməklə Məhsul stadionunda qətnamənin oxunması ilə yekunlaşdırmaq istədiyi yürüşə razılıq verilməsinin mümkün olmadığını bildirdilər. Səbəbini həmin ərazi boyunca təmir-tikinti işlərinin gedişi və nəqliyyatın həddən artıq intensiv hərəkəti ilə əsaslandırmağa çalışdılar. BŞİH rəsmiləri dedilər ki, Müsavat Partiyası yürüş yox, mitinq keçirmək üçün BŞİH-yə yeni rəsmi məktub ünvanlasa məsələyə baxıla və müvafiq münasibət bildirilə bilər. Bizə faktiki olaraq yürüş yox, mitinq keçirilməsini təklif elədilər. Mən isə bildirdim ki, Müsavat "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsaslanaraq yürüş keçirmək qərarını verib və bu qərara uyğun da müraciət edib. Yürüş də sərbəst toplaşmaq azadlığının tərkib hissəsidir və bizim hüququmuzdur. Qeyd etdim ki, əgər BŞİH hesab edirsə ki, Zərdabi küçəsində nəqliyyatın sıxlığı və təmir var, ona görə yürüş keçirmək mümkün deyil, o zaman biz alternativ marşrut da təklif edə bilərik. Təklif etdim ki, “Azadlıq” metrostansiyasının yanından başlayaraq “Dərnəgül” metrostansiyasının qarşısındakı meydanda qətnamənin oxunması ilə yekunlaşan yürüşə şərait yaradılsa, buna razılaşa bilərik. Ancaq onlar dedilər ki, həmin ərazidə də nəqliyyatın sıxlığı var”.
R.Əmiraslanlı bildirib ki, yaranmış vəziyyətlə bağlı partiyanın rəhbərliyi toplaşacaq və müzakirələrdən sonra hansı addımın atılacağı barədə qərara gəlinəcək.


