Nazir oğlunun 1 milyonluq «Ferrari»si

Anar Məmmədovun avtomobili gömrükdən niyə geri qayıdıb?

Azərbaycanda məmur-oliqarxların dəbdəbəli həyat keçirməsi və xalqdan fərqlənmək üçün ən müxtəlif işlərə baş vurmaları heç kimə sirr deyil. Bir qayda olaraq imkanlı şəxslər özlərini daha pullu göstərmək üçün bahalı, ekzotik avtomobillər sürür, bununla fəxr edirlər.
Onu da nəzərə çatdıraq ki, rəsmi olmasa da, qeyri-rəsmi şəkildə ölkə rəhbərliyi səviyyəsində Azərbaycana qiyməti 250 min manatdan baha olan maşınların gətirilməsinə qadağa qoyulub. Lakin siyasi rəhbərliyin bu qadağasına məhəl qoymaq istəməyən məmur övladları da var. “Qazeta” Analitik Informasiya Mərkəzinin məlumatına görə, görə, Dövlət Gömrük Xidmətinin əməkdaşları ölkəyə qiyməti 1 milyon manat olan “Ferrari” markalı avtomobilin gətirilməsinin qarşısını alıblar. Avtomobil gömrükdən keçirilərkən onun çox bahalı olduğu müəyyənləşib və belə maşının Azərbaycana keçirilməsinə yasaq qoyulduğu bildirilib. Lakin maşını gətirən adam bunun sahibinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olduğunu bildirib. Bundan sonra gömrükçülər rəhbərliklə əlaqə saxlayıblar. Bir qədər sonra isə rəhbərlikdən gələn məlumat belə olub: “Ölkə rəhbərliyi belə avtomobillərin kim tərəfindən gətirilməsindən asılı olmayaraq, Azərbaycana buraxılmaması göstərişini verib, bu göstərişə əməl edilməlidir”.
Bundan sonra həmin avtomobilin ölkəyə buraxılmasının mümkünsüzlüyü barədə onu sənədləşdirmək istəyən adama məlumat verilib. O da öz növbəsində Anar Məmmədovla əlaqə saxlayıb. Bir qədər inad etsələr də, sonda avtomobil Azərbaycana buraxılmayıb və gətirildiyi ölkəyə – Italiyaya qaytarılıb (qazet.azersayt.com)