Ziya Məmmədov günahı Əliyevin üstünə atdı

Nəqliyyat naziri yarıtmaz işinə görə mətbuatı ittiham etməkdənsə, taksi aldığı şirkətin saytına baxsın

Bu günlərdə Bakıya gətirilən yeni “London taksiləri” ciddi tənqid obyektinə çevrilib. Nəqliyyat naziri Ziya Məmmədov bu taksilərin tərifini göyə qaldırsa da, “Azadlıq” qəzeti olaraq apardığımız araşdırmalar bunun tam əksini göstərir. Bir neçə gün əvvəl qəzetimizdə bununla bağlı geniş yazı yer alıb.
Xatırladaq ki, Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınan bir taksinin qiyməti 26 min manat göstərilib. Avtomobili Çinin “Geely Automobile Holding” şirkəti istehsal edir. Maraqlıdır ki, “Manganese Bronze” indiyə qədər heç bir ölkə və şirkətdən Azərbaycan kimi böyük həcmdə sifariş almayıb. Şirkətin öz saytından əldə edilən məlumata görə, “Manganese Bronze” 2011-ci il üçün cəmi 1250 sifariş alıb ki, onun da 1000-i Azərbaycandandır. 2010-cu ildə isə bu şirkət cəmi 226 maşın sata bilib. 2008-ci ildə isə şirkət xeyli sayda avtomobili geri çağırıb. Mühərrikindəki problemə görə şirkətin 500 sürücü ilə məhkəmə çəkişməsi olub.
Bütün bunlara baxmayaraq, Ziya Məmmədov taksiləri tərifləməkdən doymur. Lakin bununla belə o, bütün məsuliyyəti Ilham Əliyevin üstünə atıb. Telekanallara verdiyi açıqlamada o, taksiləri Ilham Əliyevin bəyəndiyini, hətta rəngini də seçdiyini deyib. Nəqliyyat nazirinin sözlərinə görə, bəzi bədxahlar bu taksiləri pisləyir və onlarda qüsur axtarmağa çalışır. Ancaq Ziya Məmmədov yarıtmaz işini mətbuatın üstünə atmaqdansa, taksi aldığı şirkətin saytına baxsa, yaxşı olar. Hərçənd ki, bunu əvvəlcədən etsəydi, daha məqsədəuyğun olardı.
“London taksiləri”nin qüsurları barədə təkcə mətbuat yazmır. Hakimiyyətin nəzarətində olan Xəzər TV bu günlərdə taksilərdən ikisinin artıq sıradan çıxdığını və evakuatorla aparıldığını deyib. Bunu ki müxalifət mətbuatı deməyib?
Son olaraq bu taksilərin qiymətinə nəzər salmaq istərdik. Məlum olduğu kimi, “London taksisi”ndə mənzil başına çatmaq istəyənlər hər kilometrə görə 70 qəpik verməlidir. Üstəlik, taksiyə oturan kimi sayğac bir manat yazır. Hazırda Bakının bu başından o başına köhnə taksi ilə getmək təxminən 10-15 manatdır. Ancaq yeni taksi ilə təxminən 23-24 kilometrlik yolu, məsələn, şəhərin mərkəzindən Günəşliyə qədər getmək istəsən 17-20 manat verməli olacaqsan. Taksi xidmətindən tez-tez istifadə edənlər üçün bu fərq kifayət qədər böyükdür.

Fizzə