2013-cü ilin Iş Planına uyğun olaraq Hesablama Palatası tərəfindən dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin (2012-ci ildə tikintisi (təmiri) başa çatmış obyektlər üzrə) istifadəsinə dair audit aparılıb. Bu barədə Hesabalama Palatasının hesabatında bildirilir.
Sənəddə qeyd edilir ki, audit nəticəsində müəyyən edilib ki, Hesablama Palatası tərəfindən 2012-ci ildə aparılmış auditin nəticələri üzrə Palatanın müvafiq qərarında göstərilən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması təmin edilməyib. Əksinə həmin nöqsanlara təkrar yol verilib. Nazirlər Kabinetinin müvafiq sərəncamıyla dövlət əsaslı vəsait qoyuluşundan Cəmiyyətin nizamnamə kapitalının artırılması məqsədilə ayrılan 100,0 mln. manat vəsaitin maliyyə hesabatlarının müvafiq hesabında uçota alınması təmin edilməyib. Auditin predmeti olan bütün satınalmalar yalnız bir mənbədən satınalma metodundan istifadə edilməklə həyata keçirilib.
Tikinti-quraşdırma işləri ilə məşğul olmasına dair xüsusi razılığı (lisenziyası) olmayan podratçı təşkilatlarla 5 obyekt üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün satınalma müqavilələri bağlanılıb. 12 layihə və obyektin layihə-smeta sənədləri hazırlanmayıb, müvafiq qaydada ekspertizadan keçirilməyib. Həmçinin obyektlərin ehtimal olunan qiyməti müəyyən edilmədən müqavilə bağlanılıb və işlər yerinə yetiriləndən 1-14 ay sonra obyektlərin layihə-smeta sənədləri hazırlanıb və digər proseduralar yerinə yetirilib. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə keçid (tikintisi əvvəlki illərdə başlayan) layihələrin siyahısına inşası yeni obyektlər daxil edilərək təyinatı dəyişdirilib. Bəzi obyektlər üzrə yerinə yetirilən işlərin dəyərinin smetada müəyyən edilən dəyərdən artıq olması nəticəsində podratçılara artıq vəsait ödənilib.
Müəllif nəzarətinin aparılması qaydalarına uyğun olaraq tikinti obyektinin texnoloji, tikinti-memarlıq və digər texniki həllərinin layihələrdəki həllinə uyğunluğunu təmin etmək, həmçinin, tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılması təmin edilməyib. 2012-ci ildə başa çatan obyektlərin istismara qəbul edilməsinə dair Qəbul komissiyası yaradılsa da komissiyanın tərkibinin Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 saylı qərarıyla təsdiq edilmiş “Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nda və “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul Qaydaları”nda tələb olunan təşkilat və mütəxəssislərlə formalaşdırılması təmin edilməyib. Yalnız “Azərsu” ASC-nin işçilərindən və tabeliyində olan qurumlardan formalaşdırılıb.
Obyektlərin istismara qəbul Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək aparılan tikinti işləri zamanı layihə-smeta sənədlərindən kənarlaşmalara yol verilib və tikinti zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair əlaqədar orqandan müsbət rəy alınmayıb.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək audit nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində və bu nöqsanlara yol verən vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərinin həyata keçirilməsi, görülən işlər barədə Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə Qərar qəbul edərək icrası üçün “Azərsu” ASC-yə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib.


