Nurəddin Məmmədli: «Bu cür bəyanatlar idarəçilikdə ardıcıllığın olmaması, qanunlara etinasız münasibətin nəticəsi olaraq meydana gəlir»
Adil Qeybulla: «Müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilməlidir»
Azərbaycanda müəllimlər və həkimlərə dövlət qulluqçusu statusunun veriləcəyilə bağlı gözləntilər var. Bu mövzunu elə gündəmdə saxlayan, statusun verilməsinə az müddətin qaldığını təbliğ edən də elə hakimiyyət mətbuatı idi. Lakin bu müzakirələr başladığı kimi də sona çatdı. Deputat Musa Quliyev axır ki, gözləntilərə son qoyub.
O, “APA”ya açıqlamasında bildirib ki, bu məsələ gündəmdə deyil: “Həkimlərin və müəllimlərin maaşlarının artırılması, diferensiallaşmış maaş həmişə diqqət mərkəzindədir, amma dövlət qulluqçusu məsələsi gündəmdə deyil. Ona görə ki, heç dünya praktikasında da belə bir şeyə rast gəlinməyib. Dövlət qulluqçusu statusu dövlət sektorunda işləyənlərə şamil olunur, müəllim isə öyrədəndi, təhsil sektorundadır. Həkim isə səhiyyə sektoruna aiddir. Həkim və müəllim dövlətdən asılı, məmur olmalı deyil”.
Maraqlıdır ki, elə həmin Musa Quliyevin özü yaxın keçmişdə indi dediklərinə tamamilə zidd olan bir açıqlama vermişdi. Deputat 30 avqust 2013-cü il tarixlı açıqlamasında müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinə dair konsepsiya hazırlanacağını, ardınca da “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyini bildirmişdi. Hətta o, bu hadisənini ictimai həyatda inqilabi yenilik olacağını da vurğulamışdı: “Müəllim və həkimlərin dövlət qulluqçusu statusu alması Azərbaycanın ictimai-sosial həyatında inqilaba bərabər hadisə olacaq. Düşünürəm ki, bu konsepsiya qəbul olunandan sonra müəllimlərin, həkimlərin əməkhaqları dəfələrlə artacaq. Pensiya ödənişlərində, məzuniyyətlərində, digər sosial təminatlarında da nəzərəçarpacaq dəyişikliklər olacaq. Bununla ölkəmizdə uzun illər davam edən müəllimlərin və həkimlərin əməkhaqqı problemi bu qanunla öz həllini tapacaq. Ümumi şəkildə düşüncəmi deyə bilərəm ki, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi çox mühüm bir addım olacaq”.
Bəs, verilən vəddən geri çəkilməsi nəylə bağlıdır? Bu layihədən, ümumiyyətlə, imtina edilə bilərmi?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, ilk dəfə deyil hökumət reallığı nəzərə almadan kimlərinsə xoşuna gəlmək məqsədilə bu tip bəyanatlar verir. Daha sonra isə verilən spontan ideyaların arxasında fəaliyyətin olmadığını deyən N.Məmmədli bildirdi ki, bu, idarəçilikdə ardıcılığın olmaması, qanunlara etinasız münasibətlə bağlıdır: “Ikinci önəmli cəhət odur ki, bu kateqoriyadan olan insanların dövlət quluqçusu kimi qəbul olunması büdcə üçün böyük itkidir. Çünki bu status müəllimlər və həkimlər üçün qəbul olunsa, o zaman pensiyalarla bərabər yeni xərcləmələr yüz milyonlarla vəsaitə başa gələcək. Ölkənin indiki vəziyyətində isə bu, demək olar, mümkün deyil. Ölkənin büdcəsi əsasən neftdən formalaşır. Neft isə bu gün ucuzlaşmaqda davam edir. Eyni zamanda ölkənin hasilatı aşağı düşür. Hökumət isə bu büdcə boşluğunu doldurmaq iqtidarında deyil. Ona görə bu layihələrin perspektivdə reallaşmasını gözləmirəm”.
Ekspert Adil Qeybulla isə bildirdi ki, M.Quliyev dövlətin sözçüsü deyil, o, sadəcə millət vəkilidir. Bu üzdən A.Qeybulla elan olunan layihənin gələcəkdə reallaşacağına inanır: “Hesab edirəm ki, bu status verilməlidir. Ən azı genefondun sağlamlığı və təhsili ilə məşğul olan iki zümrə dövlət quluqçusu qismində status almalıdır. Və buna müvafiq olaraq bütün imtiyazlar ona şamil olunmalıdır”.
Xəyal


