Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 90 sakini Yelena Berezinskaya “Azadlıq”a məktub göndərib. Məktubda deyilir:
“Mən qanunsuzluqlara, özbaşnalıqlara məruz qalmışam. Bakı Apelyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın himayədarlığı ilə onun bacısı Abbasova Əskinaz Seyid qızı Nəsimi rayon Icra Hakimiyyətinin, 48 saylı Mənzil Istismar Sahəsinin, Dövlət Arxivinin Bakı Filialının işçiləri, həmçinin Inzibati Iqtisadi Məhkəmənin hakimləri əlbir olaraq mülkiyyətimdə olan mənzilimə dair sərəncamların arxiv əsaslarını məhv ediblər, mülkiyyətimə qəsd edərək mənzilimi ələ keçiriblər.
Belə ki, 18.01.1982-ci il tarixdə Nəsimi rayon xalq məhkəməsinin qətnaməsi ilə oğlum Voznyak Lev Yuriyeviç ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 saylı evin 90 saylı mənzilinə köçürülmüşəm.
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 saylı evin 90 saylı mənzili 2 otaqdan (39,5 kv.m) ibarət olub. Mənzilin sahibi mənim həyat yoldaşım Yuriy Voznyak olub. Mənzildə mənimlə oğlum Voznyak Lev Yuriyeviç də qeydiyyatda olub.
Nəsimi rayon Icraiyə Komitəsinin 16.02.1990-cı il tarixli sərəncamına əsasən mənzil bölünmüş, həmin mənzilin 1 otağı (20,5 kv.m) bizə – mənə və oğluma, 1 otağı isə (19,0 kv.m) həyat yoldaşım Yuriy Voznyaka verilib.
5 aydan sonra, 09.08.1990-cı il tarixdə həyat yoldaşım Yuriy Voznyak qeydiyyatdan çıxıb və 05.12.1990-cı il tarixdə RIK-nə evin boşaldılması haqqında 23 N-li bildiriş verilib.
Nəsimi rayon Icra Hakimiyyətinin 13 yanvar 1993-cü il tarixli sərəncamı ilə Voznyak Yuriy Vladimiroviç qeydiyyatdan çıxdığından onun yaşadığı vahid mənzilin tərkib hissəsi olan otağa dair kirayə müqaviləsi mənimlə bağlanıb və mən həmin otağın da kirayəçisi hesab edilmişəm. Ərizəm əsasında Nəsimi RIH-nin 16 aprel 1993-cü il tarixli sərəncamı ilə Nizami küçəsi 77 saylı evin qonşuluğumda yerləşən və mənzilimə bitişik olan, əvvəllər Kutumov adlı şəxsin istifadəsində olmuş, sonradan boşalmış 88 saylı mənzilin məhdud kommunal şəraitli 1 otağı (21,06 kv.m) da mənim istifadəmə verilib.
Beləliklə, mənim istifadəmdə olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 saylı evin 90 saylı mənzili 1993-cü ildən 3 otaqdan ibarət olub. 1996-cı ildə “Dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun tələblərinə uyğun olaraq 3 otaqdan ibarət mənzil mənim tərəfimdən qanuni əsaslarla özəlləşdirilib, mülkiyyət hüququm Bakı şəhəri, Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsində qeydiyyatdan keçib və bu barədə mənə qeydiyyat vəsiqəsi verilib.
Qeydiyyat vəsiqəmi itirdiyimə görə 2012-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi Idarəsindən 02.08.2012-ci il tarixli çıxarış da almışam.
Mən müvəqqəti olaraq Bakı şəhərindən getdim, qayıdanda gördüm ki, otaqlarım bağlanıb, əşyalarım koridora yığılıb, qonşum Əskinaz Abbasova Nəsimi RIH və 48 saylı MIS işçilərinin köməyi ilə mülkiyyətimdə olan mənzilimi bütünlüklə zəbt edib. O məni mülkiyyətimdə olan mənzilə buraxmadı, məni mülkiyyətimdən özbaşnalıqla məhrum etdi. Hazırda mənzilimə daxil ola bilmirəm.
Məlum oldu ki, mənzil mülkiyyətimdə ola-ola Nəsimi RIH-nin 06.09.2012-ci il tarixli sərəncamına əsasən Nizami küçəsi 77 saylı evin 90 saylı mənzilin 1 otağı (19,0 kv.m) 91 saylı mənzilin sahibi Abbasova Əskinaza əlavə otaq kimi verilib.
Nəsimi RIH-nin sərəncamından xəbər tutduqdan sonra həmin sərəncamın etibarsızlığı ilə bağlı 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsində iddia qaldırdım. Lakin iddiama baxan 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramov əlimdə Dövlət Reyestr Xidmətinin çıxarışı ola-ola iddiamın təmin olunmamasına dair qərar qəbul edir, Bakı Apelyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov və Ali Məhkəmənin hakimi Sevda Hüseynova həmin qanunsuz qərarı qüvvədə saxlayır, eyni zamanda Ali Məhkəmənin hakimi Sevda Hüseynova Nəsimi RIH-nin 06.09.2012-ci il tarixli sərəncamının ləğvi ilə bağlı məhkəməyə yenidən müraciət etməli olduğuma dair mövqeyini öz qərarında göstərir. Ali Məhkəmənin mövqeyinə əsaslanaraq yenidən 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsində iddia qaldırdım və həmin qanunsuz sərəncamın ləğvini məhkəmədən xahiş etdim. Indi də işə baxan 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin hakimi Fəqan Əhmədov özbaşnalıq edərək mənim haqlı tələbimi təmin etmədi.
Əskinaz Abbasova da mənə qarşı iddia qaldıraraq heç bir subyektiv hüquqa malik olmadan çıxarışımın ləğv olunmasını xahiş etdi. Onun da iddiasına baxan 1 saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin hakimi Müseyib Bayramov Dövlət Reyestr Xidmətindən verilmiş qanuni çıxarışımı 1 otağa münasibətdə ləğv edir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyeva isə 2-ci otağıma dair hissədə mənim çıxarışımı ləğv edir. Ali Məhkəməyə şikayət edirəm, lakin Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov da bu cür iddia qaldırmaq üçün heç bir subyektiv hüquqlara malik olmayan Əskinaz Abbasovanın iddia müddəti keçəndən sonra hətta məhkəmə aidiyyəti qaydalarını pozmaqla verdiyi iddiasını qeyri-mümkün saymır, mənim şikayətimi özbaşnalıq edərək təmin etmir.
Mən mülkiyyətçiyəm, qanuni əsaslarla mənzilim mülkiyyətimdədir. Qanun mənim tərəfimdədir, lakin qanunsuz yollarla, saxtakarlıqlarla Səriyyə Seyidova və Əskinaz Abbasova bacıları otaqlarımı bir-bir ələ keçirərək, mənzilimi bütünlüklə zəbt edib. Sizdən xahiş edirəm başıma gətirilən bu oyunların araşdırılmasında yaxından iştirak edəsiniz. 70 yaşlı tənha qadının fəryadını bütün ölkə ictimaiyyətinə, ölkə başçısına çatdırmağınızı xahiş edirəm".
Sosial şöbə


