“Azadlıq”ın 2 aprel sayında “Qarabağ qazisi prezident I.Əliyevin ondan hallalıq almasını istəyir” yazısından sonra Sumqayıt şəhər IH hakimiyyəti “hərəkətə” keçib. Bu rəzalətdən sonra IH başçısı E.Əzizovun tapşırığına əsasən şikayətçi I qrup Qarabağ əlili Malik Məcidovun yaşadığı Sumqayıt şəhər Xəzər bağları massivindəki “gecəqondu” evinə baxış keçirilib.
Sumqayıt IH nümayəndələri evin şəklini çəkərək durum barədə IH başçısına məlumat verib. Eyni zamanda Malik Məcidova “Azadlıq” qəzetinə bir daha şikayət məktubu göndərməmək tapşırılıb. Həmişə olduğu kimi, bu dəfə də evinin təmir olunması haqda quru vəd verərək işlərini bitmiş sayıblar.
Bu yazının müəllifi olaraq dəfələrlə M.Məcidovun yaşadığı “gecəqondu evi”ndə olarkən həqiqətən də, divarlardakı nəmişlik göbələyinin şahidi olmuşuq. Ümumiyyətlə, havasız, rütubətdən orada yaşamaq qeyri-mümkündür. Ailə üzvəri nəfəs yollarının intihabı, bronxit, revmatizm xəstəliyinə yoluxub.
M.Məcidov evinə IH nümayəndələrinin baxış keçirməsi barədə bizi məlumatlandırarkən bildirdi: “Ölkə başçısı bu günlərdə müqəddəs məkanları ziyarətə gedib. Artıq o ”Hacı" tituluna yiyələnib. Məndən halallıq alması üçün şərait yaranıb. Mənim evim satılaraq H.Əliyevin adına keçirilən Gül bayramına xərclənib. Indi I.Əliyev məni hüzuruna çağırıb halallıq alsın. Əks halda haqqımı halal etmirəm".
Xatırladaq ki, Sumqayıtın keçmiş IH başçısı Vaqif Əliyevin rəhbərliyi dönəmində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binadan bir mənzili də I qrup əlil M.Məcidova verirlər. Evlər paylanarkən Gül bayramına hazırlıq gedirmiş. Sumqayıtın sabiq IH başçısı V.Əliyevin pula ehtiyacı yaranır. Bu səbəbdən pul əldə etmək üçün Qarabağ əlillərinə verilən mənzillərdən bir neçəsini satmaq qərarına gəlir. Qurbanlardan biri M.Məcidov olur.
M.Məcidov prezident I.Əliyevə müraciət edərək bildirir: “Sumqayıtın keçmiş IH başçısı V.Əliyev məni aldadaraq evimi satdırıb atanız H.Əliyevin Gül bayramına xərclədi. Vəd etsələr də mənə ev vermədilər. Hazırda Sumqayıt şəhəri Xəzər bağlarında ”Gecəqondu"da qohumuma məxsus iki otaqlı yararsız bağ evində ailəmlə yaşayıram. Ev bataqlıqda, ləpədöyəndə tikildiyindən divarları nəmişlikdir. V.Əliyevin ucbatından ailəliklə revmatizm və bronxit kimi xəstəliklərə yoluxmuşuq. Prezident andı içərkən xalqa verdiyiniz vədi unutmayın".
Şakir Həsənsu


