Neft gəlirləri 47 faiz azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən cari il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 112 milyard 215 milyon dollar gəlir əldə edib.

Bu barədə məlumatı ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər.

Qeyd edilib ki, cari il yanvarın 1-dən aprelin 1-dək AÇG layihəsi çərçivəsində Fonda 2 milyard 65 milyon dollar vəsait daxil olub. Bu isə ötən ilin üç ayı ilə müqayisədə 1 milyard  821 milyon dolar və ya 46,86% azalma deməkdir.

2014-cü ilin ilk üç ayında ARDNF AÇG-dən  3 milyard 885 milyon 800 min ABŞ dolları gəlir əldə etmişdi.

“ŞAHDƏNİŞ” ÜZRƏ DƏ VƏSAİT AZALIB

Bu ilin ötən üç ayında Fonda “Şahdəniz” yatağının işlənməsindən 79,5 milyon dollar vəsait daxil olub. Ötən ilin eyni dövründə bu məbləğ 115,6  milyon  dollar idi.

2007-ci ildən cari il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 199 milyon dollar gəlir əldə edib.