Konstitusiya Məhkəməsi dollar kreditlərilə bağlı rəy verəcək

Müzəffər Baxışov: «Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 439.7-ci maddəsini həmin qanunundakı kimi şərh etsə, bu qərar müştərilərin xeyrinə olacaq»
 
Konstitusiya Məhkəməsi vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı problemə yaxın vaxtlarda aydınlıq gətirəcək. Belə ki, Ombudsman və Göyçay Rayon Məhkəməsi Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib.
Konstitusiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, sorğu və müraciətlərin icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb.
Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, Mərkəzi Bankın fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra kredit götürən hər kəsi indi bir sual maraqlandırır: – Kredit borcu hansı kursla qaytarılmalıdır?
Vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir qism kredit borcunu kreditin götürüldüyü vaxtkı məzənnə ilə, ikinci qism isə aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməsini iddia edir.
Amma bu gün banklara müraciət edən vətəndaşlardan kredit borclarını hazırkı məzənnə ilə ödənilməsi tələb olunur.
Məcəllənin 439.1-ci maddəsində qeyd olunur ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 
439.2-ci maddədə isə qeyd olunur ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
Mülki Məcəllənin 439.7-ci maddəsində qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Onu da qeyd edək ki, manatın devalvasiyasından sonra dollarla kredit borcu olanlar banklara ümumilikdə 1.7 milyard dollar əlavə vəsait ödəməlidirlər.
Bəs, Konstitusiya Məhkəməsinin bu müraciətə baxışından sonra hansı qərar çıxarıla bilər? Baş verənlərlə bağlı çıxarılan qərar hüquqi qərar olacaq, yoxsa burada siyasi və iqtisadi çalarla özünü göstərəcək?
Bundan başqa, qanunla bu müraciətə hansı cavab verilməlidir.
Bu sualları hüquqşünas Müzəffər Baxışova ünvanladıq. Konstitusiya Məhkəməsinin hansı qərar verəcəyini söyləməkdə çətinlik çəkən M.Baxışov bildirdi ki, əhalini narahat edən bir məsələnin Konstitusiya Məhkəməsinin Plenumuna çıxarılması düzgün haldır: “Mən bunu dəfələrlə bildirmişdim ki, Mülki Məcəllənin 439.7-ci maddəsinin şərhi vacibdir. Əgər kredit müqaviləsində başqa müddəa nəzərdə tutulmayıbsa, kredit götürən borcunu məzənnənin enib-qalxmasından asılı olmayaraq götürdüyü müddətdəki kursla ödəməlidir. Qanunda bu müddəanın olmasına baxmayaraq təcrübədə bunun tətbiqində ciddi problemlər yarandı. Xüsusilə banklar bildirirlər ki, məzənnə qalıbsa, kreditlər yeni məzənnəyə uyğun ödənilməlidir. Hər bir halda bu məsələni yalnız Konstitusiya Məhkəməsi həll etməlidir. Konstitusiya Məhkəməsinin qərarı isə məhkəmələr üçün məcburi xarakter daşıyır”.
M.Baxışovun fikrincə, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 439.7-ci maddəsini həmin qanunundakı kimi şərh etsə, bu qərar müştərilərin xeyrinə olacaq: “Hansı müştərilərin müqaviləsində xarici valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı müddəa nəzərdə tutulmayıbsa, həmin müştərilər kredit borclarını köhnə məzənnə ilə ödəyəcəklər”.
Xəyal