Bir binanın sirri

Göy göz kosaların tilsimi vətəndaşı necə yandırır?

 
Artıq bu ölkədə xoş xəbər eşitmək sensasiyaya çevrilib. Bəzən eşitdiyin yaxşı xəbərə də inanmaq istəmirsən,  təsdiqləmək üçün 10-larla mənbə axtarırsan. Azərbaycan hakimiyyətinin sayəsində yaxşı xəbərlər də “Qırmızı kitab”a düşüb. 
Dövlətin və millətin mənafeyini ifadə edən hadisələr də, kökü kəsilməkdə olan heyvanlar kimidir. Bir yaxşı hadisəni qorumağa çalışırıq, onunla təsəlli taparıq. Amma son günlərdə tamamən neqativlərlə mühasirəyə alınmışıq. Və bütün nüqativlərin içindən hökumətimiz boylanır. Bütün pis xəbərlərdə, hakimiyyətin “əl”i görünür.
Artıq 3 gündür ki, Xətai rayonunda yerləşən hündürmərtəbəli binada baş vermiş yanğın ətrafında qızğın müzakirələr gedir. Məlumata görə yanğında ümumilikdə 12 nəfər təcili yardıma müraciət edib. Hadisə zamanı nevrotik reaksiya verən, stress keçirən vətəndaşlara da təcili tibbi yardım göstərilib.ÿSon xəbərlərə görə sakinlər etiraz aksiyası keçirib və kompensasiya tələb ediblər.
Amma bu adi bir yanğın deyil. Baş verənlər yanan Azərbaycanın bir hissəsindən çıxan tüstüdür. Artıq uzun illərdi ki, ölkəmizdə binaların üz qabığını ağartmaq ənənəyə çevrilib.  Hökumətimiz bu qərara gəlib ki, binaların içində yaşayanlar vacib deyil, əsas odur ki, binanın fasadı gözəl olsun. Bəli, hökumət vətəndaşa dolayısı ilə deyil, açıq şəkildə hörmətsizlik edir. Çünki, üz qabığı dəyişdirilən binaların  vətəndaşları həmin binaların iç hissəsinin vəziyyətini də görürlər. Amma vətəndaşın hansısa pis hadisəni görməsi önəmli deyil. Əsas odur ki, xaricdən gələn qonaqlar və hökumətimizin başında oturanlar dış gözəlliyi seyr etsinlər.  Heç bir normal ölkədə vətəndaşa bu qədər açıq hörmətsizlik edilə bilməz.
Amma bu məsələnin hamısı deyil. Son zamanlar binaların üz qabığı penaplastla bəzədilir ki, bu da yanğın üçün ideal materialdır. Sadəcə olaraq hansısa iri məmur bu materialı ölkəyə gətirib və onun biznes marağına görə binalar bu materialla üzlənməlidir. Dəfələrlə bu haqda yazılsa da, araşdırmalar aparılsa da, nəticə həmişəki kimidir.  Vətəndaşın yanması, binanın yanması ikinci dərəcəlidir. Əsas odur ki, məmurun pulu yanmasın, biznesi tüstülənməsin. 
Təbii ki, Xətaidə yanan binada 10-larla vətəndaş ölə də bilərdi. Nə olsun ki? Bir nəfər mühəndisi həbs edəcəkdilər, məsələ bitəcəkdi. Göründüyü kimi bu ölkədə monopoliya, korrupsiya, ədalətsizlik hər gün yandırır. Sabah da bu binanın əsaslı təmiri üçün büdcədən milyonlarla vəsait ayrılacaq. Həmin vəsaitlə binanın üz qabığı gözəlləşəcək. Binanın içində yaşayanlar isə bu çirkin planın qurbanı kimi yaşamağa məcbur olacaqlar. Bəli, bu binanın yanmasının əsl günahkarı əcaib sistemdir. Bu sistem bütün Azərbaycanı tilsim edib. Nə qədər ki, göy göz kosalar iş başındadır, vətəndaşlar daşa və külə dönməyə məhkumdular. Nə qədər ki, daşın, dəmirin gözəlləşdirilməsindən təsəlli tapıb,  taleyimizin çirkinləşdirilməsi ilə barışacağıq, yanmağımız adi hal alacaq.
Artıq hakimiyyət də arxayın olub ki, vətəndaş aldanmağa adaptasiya olunub. Əsl yanğın 20 ildən artıqdır ki, davam edir. Bu yanğını söndürmək lazımdır. Yoxsa, bu ocağa hələ çox penaplastlar atacaqlar.
Akif