İmişlidə uşaq bağçasını bazara döndəriblər

Uşaq bağçasını özəlləşdirənlər «arxamızda Ilham Əliyev dayanıb» deyirlər

Ictimai Palatanın 17 aprel mitinqində 5 yaşlı Məryəmin “Azadlıq!” qışqırması hakimiyyət düşərgəsində xeyli sayda “uşaq hüquqlarının qayğısına qalan” insanları silkələdi. Müxalifəti uşaqları siyasi maraqları üçün istismar etməkdə ittiham edən hakimiyyətyanlılar utanmadan Azərbaycan hökumətinin uşaqlar üçün qayğısının yüksək olmasından da danışdılar.
Bir neçə ildir Bakıda sırf tamah xatirinə uşaq istirahət mərkəzilərinin, uşaq bağçalarının darmadağın edilməsi barədə mətbuatda müxtəlif yazılar gedib. Hökumətin əyalətdə – Imişli rayonunda da bu qəbildən olan “uşaqlara qarğı” kampaniyası barədə növbəti faktı hüquq müdafiəçisi Musa Rahim “Azadlıq”a təqdim edib.

Uşaqlar bağçasız, müəllimlər işsiz qalıb

Imişlidə monitoriq aparan hüquq müdafiəçisi qəzetimizə açıqlamasında Imişlidə uşaqlara dövlətin heç bir qayğısının olmadığını bildirib. Musa Rahim deyir ki, “təmir-tikinti” adı altında milyonlarla pul silinməsinə baxmayaraq, 35 min seçicisi olan Imişli şəhərində uşaqların normal inkişafı, mənalı istirahəti üçün heç bir addım atılmayıb. Ən acınacaqlı fakt kimi, o, rayonun ən böyük uşaq bağçasının yerli əhalinin və pedaqoji kollektivin rəyi nəzərə alınmadan özəlləşdirilməsini misal göstərib: “Kifayət qədər sağlam binası olan mərkəzi bağçanı yüngül xərclə təmir etmək əvəzinə özəlləşdiriblər. Bu başı bəlalı özəlləşmə nəticəsində otuza yaxın adam işsiz qalıb”.

Ilham Əliyev adlı qorxu

Uşaq bağçasını rayonda sahibkar kimi tanınan Feyzi Məmmədov öz qardaşının adına rəsmiləşdirib. Hüquq müdafiəçisi deyir ki, Feyzi Məmmədov bu özəlləşdirmədə dövlət başçısına yaxınlığından istifadə edib: “Bu yaxınlığın nədən ibarət olması barədə bir şey deyə bilmərəm. Ancaq o dəqiqdir ki, Məmmədov özəlləşdirməyə qarşı çıxanların hamısını dövlət başçısının adı ilə qorxudub”.

Bazar

Musa Rahim özü də monitorinq zamanı Məmmədovun hədələrilə üzləşib: “Mənə çox səmimi şəkildə dedi ki, balalarına  yazığın gəlsin, həbsxanaya düşmək istəmirsənsə, sakit otur”.
Hüquq müdafiəçisinin sözlərinə görə, uşaq bağçası rayonun ən görkəmli və bahalı ərazisində yerləşir. Elə bu səbəbdən də işbazlar oranı indi alış-veriş mərkəzinə çeviriblər.

Natiq