
İndi bir daha əmin oldum ki, ölkəmizdən şəfa üçün İrana, Turana üz tutan vətəndaşlarımız, təkcə şəfa axtarışında deyil. İnsanlar münasibətdən bezib, saglam bədən üzvlərinin birdəfəlik itirilməsindən ehtiyat edir. Şanlı həkimləriniz isə bu ölkənin səhiyyəsinə etimadsızlıq üçün əllərindən gələni edir, hər gün daha bərbad nümunələr yaradır. Bakı şəhərində adı əzəmətli səslənən Respublika Klinik Xəstəxanası (el arasında Respublikaniski) deyilən bir səhiyyə ocağı var. “Google” axtarış sistemində xırda arşdırma aparmaq kifayətdir ki, təkcə bu xəstəxananın simasında Azərbaycan insanınının səhiyyə təminatının hansı vəziyyətdə olduğu haqda dolğun məlumat alasan. Təbii ki, fərdiləşdirmək istəməzdim. Peşəkarlıq, insana münasibət, xəstəyə vicdanlı yanaşma baxımından ayrı-ayrı səhiyyə ocaqlarını fərqləndirən ciddi bir şey tapmaq mümkün deyil. Amma Respublika Klinik Xəstəxanasının üzərində dayanmaq üçün daha ciddi əsaslarım var. Təxminən bir ay öncə atamın gözünə yad cism düşmüşdü. Yolumuzun üstündə olduğuna, dövlət xəstəxanaları biri digərindən ciddi fərqlənmədiyinə görə və etiraf edim ki, adının daha əzəmətli səsləndiyinə görə, atamı Respublika Klinik Xəstəxanasına apardım. Müayinə aparan xanım həkim atamın gözündəki yad cismi çıxardı və narahatçılıq üçün heç bir əsas olmadığını bildirdi. Həkim eyni zamanda, 3 gün sonra təkrar müayinə üçün gəlməli olduğumuzu da bildirdi. İlkin təmizləmədn sonra atamın gözündəki problem əhəmiyyətli dərəcədə həll olunsa da, həkimin məsləhətini nəzarə alaraq deyilən vaxtda yenidən onun yanında olduq. Lakin atam bu dəfə başqa həkimə istiqamətləndirildi. Rasim adlı bu həkim, atamın gözünü müayinə edəndən sonra təkrar təmizləməyə ehtiyac olduğunu bildirdi. Təbii ki, sağlamlığını düşünən atam, buna etiraz etmədi. Elə bütün problemlər də Rasimin müdaxiləsindən sonra başladı. Belə ki, təkrar təmizləmədn sonra ənənəyə uygun olaraq yeni resept, üstündə həkimin adı və mobil nömrəsi atama təqdim edildi. Lakin bu təmizləmə və məsləhət görülən dərmanlar heç bir ciddi irəliləyişə səbəb olmadı, əksinə, atamın görməsində yaranan problemlər ciddiləşdi. Təxminən 10 gün sonra yenidən Rasim adlı həkimin yanına gələn atam, bu dəfə kobud rəftrala qarşılaşır və ona məsləhət görülür ki, getsin əvvəlki xanım həkimin yanına. Bu dəfə atamın yanında olmadığıma görə, həkimin rəftarı və atamın görməsində yaranan problemlərə görə həkimə telefon açdım. Həkim isə bildirdi ki, yaranan problemlər mənlik deyil, getsin əvvəlki həkimin yanına. Bu ötür-ötürü və atamın gözndə yaratdıqları problemi ictimailəşdirəcəyimi, bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edəcəyimi bildirdikdə isə, “Kimə istəyirsən, hara istəyirsən şikayət elə. Təkcə səni yox, sənin nəslini sildirərəm yer üzündən” cavabını aldım. Və bundan sonra elə söyüşlərə, təhqirlərə qonaq oldum ki, beləsini heç bir yerdə eşitməmisiniz, cənab Oqtay Şirəliyev. Başında durduğunuz səhiyyə sisteminə etimadsızlıqımız tamdır, səhiyyənizdən möcüzə-zad gözləmirik. Amma bu adamlara tapşırın ki, sağlamlığımızı, pulumuzu əlimizdən alandan sonra bizi söyməsinlər. İnsanları yer üzündən siləcək həkimlərinizin saysız-hesabsız olduğunu sübut edən xeyli parlaq nümunələr var, bunu bizə sübut etməyə cəhd etməyin. Çalışıb insanların güvəndiyi nümunələr yaratmaq lazımdır, yoldaş nazir.
Xalid.Q


