Yaxud təyinatlı deputat olmaq arzusu
Mövcud hakimiyyətin ömrünün uzun olması, müxalifətçilik dövrünün uzanması həm də siyasi proseslərdə şəffaflıq yaratdı. Ağır repressiyalar, təqiblər, təzyiqlər, məhrumiyyətlər siyasət meydanına atılmış insanları sınaqdan keçirdi və hamı öz qiymətini aldı. Çox təəssüflər olsun ki, sinəsinə döyən, özünü real müxalifət kimi cəmiyyətə təqdim etmək istəyənlərin əksəriyyəti sıradan çıxdı.
Bəziləri hökumətlə əməkdaşlığa getdi, bəziləri qorxaraq siyasət arenasını tərk etdi, bəziləri isə öz əqidə yoldaşlarını ləkələmkdən, ən iyrənc oyunların personajına çevrilməkdən də çəkinmədilər. Indi ölkədə şəffaf bir mənzərə yaranıb. Kimin “cib”, kimin “div” müxalifət olduğu müəyyənləşib.
Parlament seçkiləri yaxınlaşdıqca real müxalifətçi olmaqdan imtina edənlər, yorulub “ağ bayraq” qaldıranlar yenidən təkliflərlə çıxış etməyə başlayıblar.
Məsələn, Xalq Partiyasının sədri Pənah Hüseyn hesab edir ki, hakimiyyətlə razılıq əldə etmək və parlamentə düşmək lazımdır: “Iki ay əvvəl iqtidar nümayəndəsi ilə görüşümüz oldu. Düşünürəm, bu, davamlı olacaq. Hazırkı durumdan çıxış yolu kimi müxalifətin strategiyası yoxdur, sanki hamı nəyisə gözləyir. Hesab edirəm ki, ciddi şəkildə proseslərlə bağlı düşünmək lazımdır. Bir araya gəlmək, milli birlik halında toparlanmalıyıq. Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir. Danışmalıyıq və razılaşmalıyıq”- deyə Pənah Hüseyn bildirib.
ADP sədri Sərdar Cəlaloğlu da Pənah Hüseynin fikirlərinə dəstək verib: “Ümumiyyətlə, cəmiyyət özü də insanların bir-biri ilə razılaşması nəticəsində formalaşır. Razılaşma, konsensus olmayan yerdə təbii ki, heç bir normal cəmiyyətdən söhbət gedə bilməz. Demokratiyanın ən mühüm prinsiplərindən biri də razılaşmadır, bir araya, konsensusa gəlməkdir. Bizə 2005-ci il parlament seçkiləri öncəsi bir sıra beynəlxalq təşkilatlar da təklif etmişdi ki, seçkilərdə dairələrlə bağlı hakimiyyətlə razılaşmalara getmək lazımdır. Hətta açıq şəkildə bildirilmişdi ki, müxalifətin parlamentdə fraksiya yaratmağa yetəcək həddə deputat mandatı əldə etməsi mümkündür və hakimiyyət bu təklifi müsbət qəbul edib. Lakin o zaman müxalifət, konkret olaraq Müsavat Partiyası və AXCP tərəfindən qəbul edilməmişdi. Hər iki partiyanın rəhbəri bu təklifi qəbul etməkdən imtina etmişdilər”- deyə Sərdar Cəlaloğlu bildirib.
Əvvəla, ortaya sula çıxır: 17 partiyanın hakimiyyətlə dialoqa getməsi hansı nəticəni verdi? Bəlkə siyasi məhbuslar azad edildi, mətbuatın fəaliyyətinə geniş imkanlar yaradıldı, korrupsiya azaldı, monopoliyalar ləğv edildi, seçki islahatlarına başlanıldı? Bu “dialoq” yalnız həmin görüşdə iştirak edənlərin Əli Həsənovla “dərdləşməsi” oldu. Hakimiyyət isə öz avtoritar siyasətinə davam etdi və daha aqressiv addımlar atdı.
Indi bu “şikəst” dialoqdan sonra hakimiyyətlə hansı razılaşmadan söhbət gedir? Bu qədər talançılığa, yalançılığa, şər-böhtana adaptasiya olunmuş hakimiyyət ilə hansı razılaşma ehtimalı var? Deməli, siyasi məhbusların taleyini, vətəndaşın oğurlanan haqqını güzəştə gedərək hakimiyyətlə razılaşmaq lazımdır?
O ki qaldı müxalifətin starategiyasına real müxalifətin strategiyası var və Azərbaycan cəmiyyəti də bu strategiyanı qəbul edir. Bu hakimiyyətlə müxtəlif formalarda danışıqlara, razılaşmaya gedənlərin aqibəti məlumdur. Cəmiyyət bu hakimiyyətə nifrət etdiyinə görə, bu hakimiyyətlə əl-ələ verənlərə də nifrət edir. Təbii ki, ölkədə normal hakimiyyət olsaydı, dialoqa getmək də, razılıq əldə etmək də olar. Amma reallıq göstərir ki, YAP hakimiyəti dialoq deyəndə sındırmağı, aşağılamağı, özündən asılı vəziyyətə salmağı nəzərdə tutur. Kimlərsə öz riyakar fəaliyyətinə görə gözdən düşübsə, bunu müxalifətin gözdən düşməsi kimi dəyərləndirməsin. Bu gün prinsipial müxalifətçilik edənlər meydandadır və onların çağırışı ilə 1000-lərlə insan meydanlara axın etməyə hazırdır.
Sərdar Cəlaloğlunun da fikirlərindən aydın olur ki, hələ 2005-ci ildən hakimiyyətlə “dost”luğa hazır imiş. Sadəcə olaraq, bu dostluğa inanmayanların güdazına gedib. Sanki Sərdar Cəlaloğlu hakimiyyətlə razılaşma əldə etdikdən, parlamentə düşdükdən sonra ölkə normallaşacaq. Bugünə qədər hakimiyyətlə “dialoq”a gedənlərin sonrakı fəaliyyəti hamıya məlumdur.
Yaxşı olar ki, dialoqsevərlər parlamentə düşmək istəklərini iqtidar-müxalifət razılaşması kimi təqdim etməyə çalışmasınlar.
Əksinə, müxalifət hakimiyyəti seçki islahatları aparmağa, şəffaf seçki keçirməyə məcbur etməlidir. Yoxsa, parlamentə təyinat almaq üçün hakimiyyətlə razılaşmaq riyakarlıqdır. Indiki halda hakimiyyətlə razılaşmağa getmək, təyinatlılar sırasına ad yazdırmaqdır.
Azərbaycan cəmiyyəti heç vaxt prinsipsizliyi razılaşma kimi qəbul etməyəcək. Necə ki, etmir.
Azad