Bakıda yaşayış binası büsbütün yandı FOTO VİDEO

Paytaxtda binaların tezalışan materialla fasadlanması ilk ağır fəsadını verdi

Sakinlər fəhlələri suçlu bilir; Yanğınsöndürən maşınalar hadisə yerinə susuz gedib?

Zığ şosesi, 16 ünvanında – “Nargilə” kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Binanın fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb. Ardınca yanğın mənzillərə keçdiyindən binada yaşayanlar təxliyyə edilib. Məlumatlara görə, binada məcburi köçkünlər məskunlaşıb.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev hadisə yerinə gəlib. O, jurnalistlərə açıqlamasında bildirib ki, yanğın binanın fasadından başlayıb: “Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb”.
Rza Xuliyev onu da qeyd edib ki, yanğınsöndürənlər 3 nəfəri xilas ediblər: “Onlara ilkin tibbi yardım göstərilib”.
Xətai rayon Icra Hakimiyyətinin başçısı Razim Məmmədov da hadisə yerində olub. O bildirib ki, binada 107 mənzil var: “Burda 408 nəfər yaşayır. Neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq”.

Hadisə ilə bağlı ANS-in xəbərində deyilir ki, bina vaxtı ilə yataqxana olub, sonradan sakinlər tərəfindən özəlləşdirilib. Yanğın binanın fasad hissəsindən başlayıb və tez bir zamanda bütün mərtəbələri əhatə edib. Buna güclü külək də təsir edib.
Sakinlər isə hadisə barədə bunları deyib:

Habil İsmayılov: “Evim-eşiyim yandı, evdən bir çöp belə olsun çıxara bilmədim, hamısı yandı. Yanğın baş verən zaman hamı kimi mən də mənzildə idim. Yanğın ani olaraq baş verdi və bütün binanı cənginə aldı. Yanğın yerinə gələn yangınsöndürənlər isə susuz gəlirlər”.

Rafael Rüstəmov: “Evdən heç nə çıxara bilmədim, qalmışam paltarsız. Yanğın baş verməmişdən əvvəl evdə oturub istirahət edirdim. Yanğın nəticəsində evdə olan bütün əşyalar yanıb külə döndü".

Fərrux Səmədov: "Yanğın məhz burada çalışan fəhlələrin səhlənkarlığı nətricəsində baş verib. Fəhlələr elektirik naqillərinin nəzarətsiz qoyub gedirlər. Buna bir kimsə nəzarət etmir. Bir neçə gün olar ki, evi təmir etdirmişdim. Sırağa gün isə evimə köçmüşəm”.

Sakinlərə yanğın nəticəsində ciddi maddi ziyanın dəyib. Alovlar binanın fasad hissəsindən başladığı üçün tez bir zamanda mənzilllərin küçəyə baxan otaqlarını bürüyüb. Bir çox sakinlər cidd-cəhdlə mənzillərinə girməyə çalışsa da, ərazidə xidmət aparan RPİ-nin əməkdaşları və FHN-in nümayəndələri təhlükəsizlik baxımından buna imkan verməyib.

Bina tez bir zamanda tam nəzarətə götürülüb. Təxminən 2 saat ərzində yanğın tam məhdudlaşdırılıb.

Hadisənin baş verməsi barədə müxtəlif versiyalar irəli sürülsə də, FHN-in rəsmiləri konkret bir fikir bildirməyin hələ tez olduğunu deyib.

Əsas səbəb kimi isə hələlik sakinlər binanın fasadına vurulan plastik örtüyün təmir-tikinti vaxtı yol verilmiş ehtiyatsızlıqdan yanmasını göstərir.

İnformasiya şöbəsi