
M.Zeman Kremlin paradla bağlı dəvətini qəbul edən az sayda liderlərdən biri idi. Kremlə müsbət cavabından sonra ABŞ-ın Çexiyadakı səfiri Endryu Şapiro prezidenti tənqid etmişdi. Səfir bildirmişdi ki, M.Zemanın dəvəti qəbul etməsi Qərbin Ukrayna ilə bağlı mövqeyinə ziddir. Və Çexiya prezidentinin bu addımı uzaqgörən deyil. Zeman isə bu tənqidə cavab olaraq ABŞ səfirinə rezidensiyasına gəlmək qadağası qoymuşdu. Həmçinin bildirmişdi ki, hansısa səfirin ABŞ prezidentinə hara gedib-getməmək barədə göstəriş verə biləcəyinə inanmır. Bu səbəbdən də, səfir Şapiro onun səfər proqramına müdaxilə etməməli idi.
Çexiyanın baş naziri Boquslav Sobotka prezidentin səfirlə bağlı bu mövqeyini qeyri-adekvat adlandıraraq Zemana irad bildirmiş, onu daxili siyasət və diplomatiyaya daha peşəkar yanaşmağa çağırmışdı. Baş nazirin fikrincə, Çexiya öz qərar və addımlarında ilk öncə milli maraqlarını, həmçinin Avropa Birliyi və Qərbin bir hissəsi olduğunu unutmamalıdır.
Miloş Zeman rusiyapərəst mövqeyi ilə tanınsa da, ümumilikdə Çexiya hökuməti Avropa Birliyinin mövqeyini bölüşür və Rusiyaya qarşı sanksiyaları müdafiə edir.
Gültəkin