İranın dini lideri ayətullah Əli Xamneyi də nüvə sazişinin yekun mərhələsinin imzalanacağından əmin deyil. Bu barədə xəbər dini liderin rəsmi saytında yayılıb. Xamneyi bildirib ki, nüvə proqramı ilə bağlı ilkin razılığın əldə edilməsi hələ yekun sazişin imzalanmasına təminat vermir: «Ola bilsin ki, güvənə layiq olmayan tərəf («altılıq» ölkələri) ölkəmizi detallarda məhdudlaşdırmağa çalışır».
Özünün «Twitter» hesabında da məsələyə toxunan Xamneyi Amerika tərəfini razılaşma ilə bağlı dəqiq olmayan məlumatlar yaymaqda ittiham edib: «Danışıqlardan bir neçə saat sonra amerikalılar sazişə ziddiyyət təşkil edən təklif irəli sürdülər. Onlar həmişə aldadırlar və sözlərindən qaçırlar. Mən ABŞ-la danışıqlar məsələsində heç vaxt nikbin olmamışam. Bununla belə, bu danışıqların aparılmasına razı oldum və tərəfləri dəstəklədim».
Xamneyi prezident Həsən Ruhaninin bir gün əvvəlki fikirlərini təkrarlayaraq bildirib ki, İrana qarşı sanksiyalar tədricən yox, sazişin yekun variantının imzalandığı gün ləğv edilməlidir: «İrana qarşı bütün iqtisadi sanksiyalar sazişin icra olunduğu ilk gün aradan qalxmalıdır. Əks halda biz heç bir anlaşmaya imza atmayacağıq».
Gültəkin