Günlərdir “Yeni Müsavat” qəzeti keçmiş baş prokuror Əli Ömərovun müsahibəsini yayımlayır. Sirus Təbrizli nümunəsindən bilirik: illərdir ortadan qeyb olmuş bir adamın qəfil meydana çıxıb bu cür bitmək bilməyən müsahibələr verməsinin hər zaman bir səbəbi vardır.
Yenidən hakimiyyətin sevimlisi olmaq, yanmış körpüləri bərpa etmək, ya özünə, ya övladlarına iş istəmək, mandat diləmək üçündür belə müsahibələr.Amma məncə, artıq biriləri çıxıb Əli Ömərovu durdurmalıdır, ona çənəsini havayı yerə yorduğunu anlatmalıdır. Deməlidir ki, nahaq özünə əziyyət verirsən, iqtidardakıların qarnı artıq belə boş-boş müsahibələrə toxdur. Artıq “Bu gün hakimiyyətdə olanların bir çoxu vaxtilə Heydər Əliyevin ayağının altını qazanda mən ümummilli liderin uğrunda ölməyə hazır idim” janrında söhbətlər işləmir. Artıq keçmiş xidmətləri dönə-dönə xatırlatmağın heç bir xeyri yoxdur, bu hakimiyyət xidmətlərindən istifadə edib sonra lazımsız bir əşya kimi bir kənara atdıqlarının heç birinə ikinci istifadə müddəti tanımır. Bunu Sirus Təbrizli başa düşdü və susdu. Əli Ömərovun da istisna olmayacağına adım kimi əminəm.
***
Amma hər şeyə rəğmən Əli Ömərovun silsilə müsahibəsində bir neçə diqqətəşayan məqam var. Bunlardan biri, “hamı kimi o zaman mən də Heydər Əliyevə çox inanırdım” sözləridir. Bu, vaxtilə Azərbaycanda Əliyev rejiminin bərqərar olması üçün dəridən-qabıqdan çıxan, ancaq sonradan bu hakimiyyətdən ağzı yananların sevimli sözləridir.
Bununla Allah qoymasa, özlərinə bəraət qazanacaqlarını, günahlarını yumşalda biləcəklərini düşünürlər. Amma keçməz, cənablar, keçməz!
Bütün məhrumiyyətlərə, məşəqqətlərə rəğmən indinin özündə də müxalifət sıralarında olan yüzlərlə insan var ki, 90-cı illərdə hələ çiçəyi burnunda gənclər idilər, həyat təcrübələri, dünyagörüşləri az idi, bununla belə, yenə də ata Əliyevin hakimiyyət başına qayıdışı ilə Azərbaycanın necə fəlakətlərin, faciələrin içinə girəcəyini aydın görürdülər, hiss edirdilər, ona görə də inadla buna qarşı çıxırdılar.
Indi Əli Ömərovdan soruşarlar: o gəncəcik, təcrübəsiz insanlar belə, ata Əliyevlə bu ölkədə qaranlıq bir dönəmin başlayacağını bilirdilər, anlayırdılar da, guya sənmi – ömrü yarılamış, dünyanın hər üzünü görmüş bir hüquq adamımı anlamadın? Camaatı bu qədər qoyun yerinə qoymaq nəyə lazımdır?
***
Ömərovun silsilə müsahibəsində başqa bir ilginc məqam onun Cəbhə hakimiyyətində təmsil oluna-oluna Heydər Əliyevi açıq şəkildə dəstəkləməsini fəxrlə bəyan etməsidir.
Əslində, doğrudan da, fəxr olunmalı məqamdır. Amma Əli Ömərov adına yox, Cəbhə hakimiyyəti adına. Yalnız bu faktın özü cəmi bir il mövcud olmuş Cəbhə hakimiyyətinin demokratik dəyərlərə, düşüncə fərqliliyinə, insanların özünü özgürcə ifadə etmək haqqına sadiqliyinin göstəricisidir. Bir anlıq düşünün: bu günkü hakimiyyətdə təmsil olunub hansısa müxalifət liderini dəstəkləmək bir yana, heç hansısa müxalifət qəzetini belə, qorxusuz, ürküsüz oxumaq mümkündürmü? Amma Ömərov özü etiraf edir ki, Cəbhə hakimiyyətində bundan qat-qat artığı mümkün imiş. Belə bir hakimiyyətin qədrini bilməyib, onun sıralarında təmsil oluna-oluna onu sırtından vurub yerində bir diktatura rejiminin qurulmasına yardımçı olmaq istənilən insanın bioqrafiyasının ən utanılacaq, xəcalət duyulacaq səhifəsidir. Tanrı heç kimə göstərməsin.
***
Nəhayət, Ömərovun silsilə müsahibəsindəki üçüncü maraqlı detal. Sabiq baş prokuror deyir ki, Surət Hüseynovun silahdaşlarından olan Zobik adlı şəxs məlum iyun qiyamı vaxtı Gəncəyə tank öpməyə gəlmiş ata Əliyevi öldürmək istəyib. Sitat: “Mən bunu camaata elan etdim, camaat da orada sipər qurdu. Zobik bundan sonra mənə dedi ki, hamı artıq Heydər Əliyevi öldürmək istədiyimi bilir, ona görə də öldürməyəcəm, amma bunun cəzasını siz özünüz çəkəcəksiniz”.Vay, vay, vay! Bu nə istedad nümayişidir, bu nə uzaqgörənlikdir, bu nə müdriklikdir: “Cəzasını siz özünüz çəkəcəksiniz!”
Zobikin kim olduğunu bilmirəm, amma bu sözlərdən sonra əgər sağdırsa əlini, yox əgər ölübsə, torpağını böyük məmnuniyyətlə öpərdim.