Yaxınlarda iki kərə seçilmək, bir də seçmək qismətim oldu.
Öncə “Nəsimi” Milli kitab müsabiqəsində “Yad dildə” “Ilin romanı” seçildi, sonra Milli Kitab Müsabiqəsində qaliblik. Bunlar başqalarının seçimi idi.
Üç gün öncə isə “Azadlıq” radiosunun keçirdiyi “Ədəbi Azadlıq” hekayə müsabiqəsinin qalibləri açıqlandı. Mənim də ekspert olduğum müsabiqədə qaliblərin elan edilməsi məni özümün qalib olduğum müsabiqədəkindən az sevindirmədi. Çünki mənim seçdiklərim seçilmişdi! Çünki mənim seçimim o biri ekspertlərin və onlayn oxucuların seçimi ilə, demək olar, üst-üstə düşürdü. Çünki seçimimi aparanda müəllifin kimliyini yox, mətnin necəliyini nəzərə almışdım. Bu da ədəbiyyatın tələbidi – ən azı çağdaş yanaşma bunu tələb edir.
Yaşadığım hisslər istər-istəməz Azərbaycanda keçirilən Seçkiləri yadıma saldı. Anladığım bircə bu oldu – 1918-20-ci ildən bəri Azərbaycan xalqı-seçicisi nə boyda həzzdən məhrum olub! Bu qədər böyük müddətdə günümüzə kimi nə qədər seçimlər olub. Onun heç birində xalq nə seçilib, nə də seçdiyinin qələbəsi rəsmiləşib. Əminəm ki, çox demirəm, bircə dəfə bunu dadsa, xalq bir daha antidemokratik seçimə dözməz, laqeydlik göstərməz, onun seçim hüqununu, daha doğrusu, seçim həzzini mənimsəyənlərə görmədiyimiz dirənişi göstərərdi.
Mən daddığım bu həzzlərdən sonra MKM-də münsif olmuş Rəşad Məcidin simasında hakimiyyət adamlarının üzüntüsünü o qədər aydın anladım ki, onları qınamağı ağlımın ucundan keçirməyə peşman oldum. Onlar indiyə qədər yaşadıqları həzzdən məhrum olmuşdular – çoxluğun iradəsi, demokratiya qələbə qazanmışdı. “Yad dildə”nin birincilik xəbəri zərfdən çıxanda bu kitaba ən yüksək bal vermiş münsiflərin üzündəki sevinci də indi tam çılpaqlığı ilə başa düşürəm. Onları sevindirən, məncə, bir roman olaraq “Yad dildə”nin seçilməsi, qalib gəlməsi deyil, məhz onların seçdiyinin seçilməsi idi. Pərişan olanları, istefa bəyanatı verənləri də üzən bu romanın seçilməsi yox, onların seçdiklərinin seçilməməsiydi. Yəni deyək ki, həmin üç münsif “Yad dildə”ni seçsə, seçdikləri isə qalib olmasaydı, onlar eyni dərəcədə üzüləcək, sinirlənəcək və istefa verəcəkdi. Demək, əsas məsələ hansısa kitab və ya müəlliflə deyil, məhz insan oğlunun seçim hissiyyatı ilə bağlıdı. Ona görə də müsabiqədən sonrakı qalmaqalı indi mən tam olaraq əsərlərin, müəlliflərin adıyla əlaqələndirmirəm, yəni daha önə çəkiləsi səbəbin apayrı olduğunu düşünürəm.
Sadəcə, özəl bir şey var. Narazı qalan tərəf hakimiyyətyönlülər idi. Onlar indiyəcən başqalarının seçim haqqını yemiş, yalançı, saxta olsa belə, seçim qələbəsinin meyvəsini dadmışdılar. Ilk dəfə seçim acısı yaşadılar və əminəm ki, illər uzunu arxa çevirdikləri xalqın, seçicinin hansı pərişanlığı yaşadığını başa düşdülər. Bundan sonra da xalqın seçim haqqını yeyənlərin tərəfində olmaqla onlar heç olmasa ruhlarını xilas eləməyə cəhd eləməsələr, qurtuluş fürsətini əldən vermiş olacaqlar. Qoy 17 nəfərlik seçicisi olan kiçik bir seçimdə məğlubiyyətin zəhərini dadanlar bütöv bir xalqın illər uzunu nə qədər incidildiyini, necə böyük həzzdən məhrum olduğunu, indi kimdən yana olmalarının nə boyda suç sayıldığını başa düşsünlər.
Mən gözəl bir gündə seçəcəyim prezidentin, millət vəkilinin, bələdiyyə üzvünün qalib olmasını görəcəyim anda nə qədər xoşbəxt olacağımı təsəvvür eləyirəm – həm də fərqi yoxdu o adam kim olacaq – Əli Kərimli, Isa Qəmbər, yoxsa Ilham Əliyev. Əsas olan mənim seçdiyimin seçilməsidi.