ATV-də kütləvi ixtisarlar

Azad Azərbaycan Televiziyası (ATV) telekanaldan 100 nəfərin işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib. ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu Lent.az-a açıqlamasında bildirib ki, saytlar informasiyanı dəqiqləşdirmək üçün ATV-yə müraciət etmədən bu xəbəri dərc edib. “Bu məlumatın dəqiqləşdirilməsi məsuliyyəti də sözügedən mənbənin və saytların üzərinə düşür. Öz növbəmizdə isə həmkarlarımızı dəqiqləşdirilməmiş məlumatları yerləşdirmədən öncə qanunvericiliyin normalarını və fəaliyyətdə olan bu və ya digər təşkilatın ictimai nüfuzuna vura biləcəkləri zərbənin nəticələrini nəzərə almağa çağırırıq”.
 
Telekanaldan o da bildirilib ki, bilərəkdən şişirdilmiş formada yayılmış bu informasiyanın heç bir əsası yoxdur. 

***

ATV telekanalında kütləvi ixtisarlara start verilib. Kanaldakı mənbədən Azxeber.com-a verilən məlumata görə, kanal rəhbərliyinin göstərişi ilə yüzə yaxın işçi işdən çıxarılıb. Maraqlı olan məqam isə işdən çıxarılanların böyük əksəriyyətinin xanım işçilər olmasıdır. Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib. Və kanal rəhbərliyi bunu kanalın ən çox şou xarakterli verilişlərdən gəlir əldə etməsi ilə əlaqələndirib.

 
Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq təkidlə ərizə yazmalı olduqları deyilib.  İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulduğunu iddia edərək ərizə yazmaqdan imtina ediblər.
 
Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlərin işinə xitam verilib. 
 
Xatırladaq ki, ötən gün AZTV-də kütləvi ixtisarlar başlamışdı. Dövlət televiziyasında da jurnalistlərlə yanaşı kanalda vəzifə tutan bəzi şəxslər işlərindən uzaqlaşdırılmışdı. 
 
Modern.az saytı yayılan məlumatı dəqiqləşdirmək istəsə də, telekanalın hər zaman mətbuata açıq olan “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu davamlı zəngləri və mesajları cavabsız qoydu.
 
Onu da qeyd edək ki, işdən çıxarılanlar arasında “Səni axtarıram“ verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının da olduğu deyilir. Aparıcı özü telefonunu açmasa da, verilişin prodüseri Əli Vəliyev bir neçə fərqli nömrədən edilən zəngə cavab verdi. Sualı eşidər-eşitməz “Bakıda deyiləm” deyərək telefonunu söndürdü.
 
Nəticə etibarilə cavabsız qalan zənglər informasiyaların doğru olduğu ehtimalını artırır.