Manat İranda kəskin ucuzlaşıb

Devalvasiya Iranla dolananlara da baha başa gəldi 

 
Ekspertlərin fikrincə, Gürcüstan və Iranda manatın növbəti devalvasiyası ilə bağlı gözlənti var
Azərbaycan manatının devalvasiyasından milli valyutamıza olan inam da özünü yalnız ölkədə deyil, ondan xaricdə də itirib. Belə ki, Irana və Gürcüstana gedən soydaşlarımız əsasən üzərlərində manat aparıb, bu ölkədə yerli valyutaya dəyişirlər. Xüsusilə Irana səfər edən soydaşlarımıza bu ölkəyə manatla getmək sərf edirdi.
Amma manatın devalvasiyasından sonra bu ölkələrdə valyutamıza olan inam kəskin azalıb. Hətta Iranda manatın kursu Mərkəzi Bankın Azərbaycanda elan etdiyi kursdan da aşağıdır. 2014-cü ildə Azərbaycandan Irana 1.4 milyon turist səfər edib. Səfər edənlərin bir qisminin məqsədi ziyarət və müalicədirsə, başqa bir qism bu ölkəni ticarət üçün seçib. Ona görə Iranda manata olan münasibət diqqətdən kənarda qalmaya bilməz. Manatın bu dövlətdə məzənnəsinin aşağı olması soydaşlarımızın Irandakı hotel, nəqliyyat və gündəlik xərclərinin artması deməkdir.
Ekspertlərə görə, müşahidə olunan tendensiyada qəribə heç nə yoxdur. Qonşu ölkələrdə manata olan yanaşma sırf bu valyutada devalvasiya gözləntisinin olmasıyla bağlıdır. Istər cəmiyyətimizdə, istərsə də ölkə xaricində manatla bağlı baş verənlər ciddi müşahidə olunur. Ona görə Iran və Gürcüstandakı valyutadəyişənlər manatın hazırda sabit valyuta olmadığını gördüklərindən işlərini ehtiyatlı tutmaq üçün daha aşağı faizlə alış təklif edirlər. Manat uzun müddət kursunu sabit saxlamaqla müəyyən etimad qazanmışdı. Amma hazırda hətta Mərkəzi Bankın rəhbərliyində manatın gələcək məzənnəsi ilə bağlı əminlik yoxdur. Rəsmilərdə əminlik yoxdursa, sadə vətəndaş necə fərqli düşünə bilər.
Hikmət