Abdulla Abdullayev: «Mənim həbsimdən narahat olmayın, evinizi prokurorluqdan tələb edin…»
“AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Bu məhkəmə prosesində hazırda zərərçəkmiş qismində tanınan şəxslərin dindirilməsi mərhələsidir. Onlar da əsasən “Xudafərin” tikinti şirkətindən mənzil almış şəxslərdir.
Məsələn, Hilal Həmidov deyir ki, 2004-cü ilin dekabr ayında “Xudəfərin” MMC-dən mənzil alan zaman Abdulla Abdullayevlə görüşüb: “Sonradan binanın tikintisi dayandı, təxminən 10 nəfər getdik şirkətə, dedilər ki, maliyyə problemləri yaranıb və binanın tikintisi davam edəcək. Sonradan mənzili aldım, amma bina tam təhvil verilmədiyi üçün yaşaya bilmirəm”.
Hilal Həmidov onu da qeyd edib ki, Abdulla Abdullayevin həbsdə saxlanılmasını istəmir: “Şikayətçi deyiləm. Tələbim yalnız binanın təhvil verilməsilə bağlıdır. Abdulla müəllimin həbsi əksinə, bizim ziyanımızadır. Çıxsın gəlsin, binanı təhvil verisin”.
Abdulla Abdullayev buna replika ilə cavab verib: “Mənim içəridə olmağımdan narahat olma, evinizi isə gedin prokurorluqdan tələb edin, işi saxlayıb təhvil verməyə qoymayan onlardır”.
Zərərçəkmiş qismində ifadə verən Xaliq Bahadır isə mənzili aldığı üçün şikayət və tələbinin olmadığını, özünü zərərçəkən hesab etmədiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə proses başlayandan sonra 2 milyon 120 min manatlıq mülki iddia qaldıran zərərçəkmiş Orxan Cəfərov da ifadə verib. O bildirib ki, nənəsi və dayısı 2003-cü ildə obyekt alınması üçün “Xudafərin” MMC ilə müqavilə bağlayıb. 2006-cı ildə şirkətdən bildiriblər ki, maliyyə çatışmazlığı yarandığı üçün tikinti davam etmir. Buna görə əlavə pul da ödəyiblər. Müqavilə nənəsinin adına bağlanıb, amma o, bir müddət əvvəl dünyasını dəyişib: “Iki ay əvvəl adam aparıb, həmin obyektləri təmir etdirmək istəyəndə bir nəfər ortaya çıxıb dedi ki, bu obyektlər ona məxsusdur. Hətta bununla bağlı məhkəmə sənədləri də təqdim etdi. Birinci instansiyadan Ali Məhkəməyədək qərarlar vardı. Ali Məhkəmə də obyektin Toma adlı xanıma məxsusluğunu təsdiqləyib. Ona görə də mənə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edirəm”.
Abdulla Abdullayev isə bildirib ki, məsələ başqa cürdür: Onun sözlərinə görə, Toma adlı şəxsdən vaxtilə 600 min manat pul götürüb, əvəzində əsas məbləğlə yanaşı, 210 min manat da əlavə faiz ödəyib: “Həmin pulu Tomaya göndərəndə aparan adam pulun üstündən 25 min manat götürüb. Buna görə də, o, mən tutulan zaman vəziyyətdən sui-istifadə edərək, məhkəmə yolu ilə həmin obyektlərlə bağlı qərara sahib olub”.
Iş materiallarından belə məlum olur ki, Orxan Cəfərovun yaxınları sözügedən obyektə görə “Xudafərin”ə cəmi 90 min 570 manat ödəyib. Amma indi o, əvəzində 2 milyondan artıq pul tələb edir. Bunu isə Orxan Cəfərov belə izah edib: “Hesab edirəm ki, həmin məbləğin dəyəri hazırda 2 milyondan artıqdır”.
Abdulla Abdullayevin vəkili Əkbər Bağırovla zərərçəkmiş arasında belə bir dialoq olub:
– Müqaviləni siz tərəfdən kim bağlayıb?
– Nənəm Minayə xanım.
– Kiminlə bağlayıb?
– “Xudafərin” MMC ilə.
– Bəs o zaman bu iş üzrə necə mülki iddia verirsiniz? Axı bu cinayət işində “Xudafərin” MMC nə cavabdeh, nə də təqsirləndirilən deyil. Sizin Abdulla Abdullayevə və ya digər təqsirləndirilənlərə qarşı bir tələbiniz var?
– Xeyr, tələbim yalnız “Xudafərin” MMC-yə qarşıdır.
– O zaman gedin “Xudafərin” MMC-yə qarşı iddia qaldırın. Bu işdə “Xudafərin” MMC tərəf deyil.
Dövlət ittihamçısı və hakim də zərərçəkmişə izah edib ki, həmin obyektlərin əvəzində başqa yerin verilməsi məsələsini “Xudafərin” MMC-nin Anar adlı səlahiyyətlisi ilə həll edə bilər. Sözügedən Anarın məhkəmədə dindirilməsi təklif olunsa da, hakim bildirib ki, onun adı şahidlər siyahısındadır. Bu səbəbdən hazırkı mərhələdə dindirilə bilməz. Ona görə də Orxan Cəfərov, Anar və Toma adlı şəxslərin məhkəmədən kənar danışaraq, nəticə barədə məhkəməyə məlumat verilməsi istənilib.
Məhkəmə prosesi aprelin 13-də davam edəcək.
***
Xatırladaq ki, bu iş üzrə Abdulla Abdullayevlə yanaşı, daha beş nəfər – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Aytən Məmmədova