Görürsünüz, keçmiş sovet məkanında idarəçilik sistemini dəyişə bilməyən ölkələrin durumu indi də kommunist rejimindən çox fərqlənmir. Yenə parlamentlər bir partiyadan formalaşır, qanunlar bir əldən idarə olunur, qərarlar bir düymənin diktəsi əsasında qəbul edilir və sairə. Həm də bu proseslər o dərəcədə eybəcərliklərlə müşayiət olunur ki, istər-istəməz iyrəndirir insanı. Bu günlərdə Rusiya Dövlət Duması Ilya Ponomaryovun deputat toxunulmazlığından məhrum edilməsi və ona qarşı cinayət işinin qaldırılmasına razılıq verib. Qərarı 438 deputat dəstəkləyib, biri “yox” deyib, bir deputat isə bitərəf qalıb. Səsvermədən əvvəl deputatlar bildiriblər ki, onun toxunulmazlığının alınmasını ürəkdən dəstəkləyəcəklər. Niyə? Çünki Ponomaryov Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verən tək deputatdır. Bu addımına görə çevrəsindəkilər ona “Rusiyanı satan Vlasovçu” adı veriblər. Xatırlayırsınızsa, bir az əvvəl də Putinpərəst məşhurlar Krımın işğalı ilə bağlı narazılığını dilə gətirən “Maşina vremeni” musiqi qrupunun rəhbəri Makareviçə qarşı da bənzər aqressivlik nümayiş etdirmişdilər. Hətta ölkənin ən tanınmış kinorejissoru Nikita Mixalkov onun haqqında “güllələnməyə layiq adam” ifadəsini səsləndirmişdi.
Sistemlərimiz çox oxşardır. Bənzər hadisələr günaşırı bizdə də baş verir. Bu məkanda alternativ fikir nəinki qəbul olunmur, bəlli bir hesab da ödədir insanlara. O üzdən həbsxanalarımız belə insanlarla doludur. Nəinki parlamentdə, mətbuat orqanlarında, televiziyalarda, internetdə və sosial şəbəkələrdə də fərqli düşüncə az qala “vətən xainliyi” kimi qəbul olunur. Bu, bütün totalitar rejimlərin çürük beyin məhsuludur. O gerilikçi, dar beyinlər bundan artığını həzm edə bilmir necə olsa. Bizdə sosial şəbəkələrdəki fəaliyyətinə görə həbsdə yatan neçə insan var, unutmuşam doğrusu. Bənzər bir hadisə yaxın zamanlarda Türkiyənin Qaziantep şəhərində baş verib. Jurnalist Yaşar Elma hələ baş nazirlik dönəmində Rəcəb Tayyib Ərdoğan haqqında yazılmış tənqidi yazını bəyənərək paylaşdığı üçün 2 il 4 ay həbs cəzası alıb. Sonra bu cəza yüngülləşdirilərək 1 il, 11 ay, 10 günə qədər azaldılıb. Bundan başqa, məhkəmə jurnalistin Ərdoğanın vəkilinə 1500 lirə ödəməsi haqqında da qərar çıxarıb. Iddiaçı tərəf məhkəmə işində paylaşımın həqarət xarakteri daşıdığını əsas götürüb. Yaşar Elma isə “paylaşımın paylaşımı”na görə qanunda belə cəza nəzərdə tutulduğundan, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.
Bəli, totalitar düşüncənin sərhədi, məkanı yox. Mahiyyəti, anlamı və çox halda tətbiq üsulları belə fərqli deyil. Onun hakim olduğu cəmiyyətə vurduğu zərər və geriyə buraxdığı acı nəticələr də eyni dərəcədə ağırdır, şübhəsiz. Bu düşüncə bir xalq üçün aydınlığa gedən qapıları bağlayır, dillərə qıfıl asır, gözləri qapayır, ayaqları qandallayır. O buxovlardan, qapanmadan, kölələşdirmə məcburiyyətindən qaçanların yoluna da nə əngəllər taxılır, özünüz bilirsiniz. Elə o üzdən, Ponomaryovların, Makareviçlərin, Yaşar Elmaların, Seymur Həzilərin, Intiqam Əliyevlərin, Tofiq Yaqubluların, Taleh Bağırzadələrin taleyi də bənzərdir. Belə sistemlərdə mütləqiyyətçi tərəf üçün ən “qorxulu” adamlar da elə primitiv, despot və köhnə düşüncəyə qarşı bu yeni düşüncə nümayiş etdirənlərdir. Plan hansı yolla olursa-olsun o yeni düşüncənin susdurulmasıdır. Amma tarix də göstərir ki, bu uzun zaman üçün keçərli və özünü doğruldan bir yol deyil. Çünki böyük yolu onun tikanlarını, ağrılarını və qurbanlarını qəbul edənlər seçir çox halda. Böyük və haqq yolun sonunda mütləq mənada işıq var…