Bir vaxtlar hakimiyyətin repressiyalarının müəyyən təsiri var idi və qorxu yarada bilirdi. Amma bu həbslər o qədər adiləşdi ki, daha çox ironiya obyektinə çevrildi. Repressiyalar nəinki mübarizəni dayandırdı, əksinə, yeni-yeni insanları prosesə qoşdu.
Dəfələrlə şahidi olduq ki, belə həbslərdən sonra etiraz əlaməti olaraq partiyalara üzvlük üçün müraciət edənlər artır. Sanki insanlar bu qondarma həbslərə biganə qalmağı, özlərinə sığışdırmırlar. Son 2 gündə 3 AXCP üzvünü ənənəvi ittihamlarla həbs etdilər. Guya AXCP Gənclər Komitəsinin 2 üzvü və Səbail şöbəsinin sədri polisə müqavimət göstərib. Bundan öncə də belə həbslər dəfələrlə olub və artıq cəbhəçi həbs olunanda hansı maddəylə ittiham edildiyi dəqiq proqnozlaşdırıla bilir. Amma yuxarıda qeyd etdiyimiz kimi belə həbslər zamanı yeni insanlar prosesə qoşulur.
AXCP GK-nin Idarə Heyətinin üzvü Aqil Məhərrəm “Azadlıq”a açıqlamasında bildirdi ki, belə həbslər nəinki qorxu yaratmır, əksinə, yeni gəncləri komitəyə cəlb edir: “Gənclər Komitəsi yarandığı dövrdən mübarizənin önündə olub və bu mübarizədə kifayət qədər məhrumiyyətlər yaşayıb. Amma həbs olunmuş gənclərdə heç bir ruh düşkünlüyü müşahidə edilməyib və bu adamlar daha qətiyyətli şəkildə fəaliyyət göstəriblər. Son günlər həbs edilən üzvlərimiz də, dəfələrlə belə şər-böhtanla üz-üzə qalıblar. Amma zərrə qədər geri çəkilməyiblər. Türkel və Ruslanın həbsindən dərhal sonra 11 gənc üzvlük üçün müraciət edib və bununla həbslərə etirazını bildirib. Yəni həbslərin artması sıralarımıza yeni gənclərin qoşulması ilə müşahidə olunur. Bu həbslər nə komitədə, nə də kənarda hər hansı qorxu effekti yaratmır”.
AXCP mətbuat xidmətindən də aldığımız məlumatda bildirilir ki, son həbslərdən sonra müxtəlif rayon şöbələrinə də üzvlük üçün müraciət edənlər olub.
Göründüyü kimi, hakimiyyət bu cılız addımlarla mübarizənin və təşkilatın genişlənməsinə xidmət edir.
S.Novruz


