«Bu şahid 100-dən çox adamın üzünə durub».
Bunu məhkəmədə Müsavat başqanının müavini Fərəc Kərimli şahid kimi dindirilən Dərgah Quliyevin ünvanına deyib.
Fərəc Kərimli ilə bağlı növbəti məhkəmə prosesi aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Məlumatı Azadlıq Radiosuna Fərəc Kərimlinin vəkili Nemət Kərimli verib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə iş üzrə sonuncu iki şahid ifadə verib.
Şahidlərdən Quliyev Dərgahın ifadəsində kifayət qədər ziddiyyətli məqamlar ortaya çıxıb. Onun özü də etiraf edib ki, indiyə qədər 2-3 məhkəmədə hal şahidi kimi iştirakçı olub.
Təqsirləndirilən Fərəc Kərimli isə iddia edib ki, həmin şahid 100-dən çox insanın işində hal şahidi qismində iştirak edib.
Fərəc Kərimli özünü pis hiss etdiyindən ifadəsini növbəti məhkəmə prosesində verəcəyini bildirib.
Məhkəmə aprel 15-dək təxirə salınıb.