“19 iyunda minlərlə insan dinc aksiya keçirəcək”

“Polisin hədələri hakimiyyətin yenidən çaşqınlıq keçirməsinin nəticəsidir”

Əli Kərimli: “Heç bir hədə, şayiə, vətəndaşları öz konstitusion hüquqlarını reallaşdırmaqdan çəkindirə bilməz”

 

Hakimiyyət beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq, yenə İctimai Palatanın iyunun 19-da keçirmək istədiyi aksiyaya icazə vermədi. Əvəzində Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov aksiya
keçirmək istəyənləri zorakılıqla hədələdi. Artıq İctimai Palatanın da qəti qərarını verib. Onlar təyin etdikləri vaxtda və məkanda aksiyalarını keçirməkdə isrardırlar.
AXCP sədri Əli Kərimliyə budəfəki müraciətimizin məqsədi də elə İctimai Palatanın hakimiyyətin məlum mövqeyinə münasibət öyrənmək idi.
AXCP sədri öncə müxalifətin niyə mitinq qərarına israrlı olduğuna aydınlıq gətirdi.

“Təzyiqlər bir-birini tamamlamalıdır”

“İctimai Palatanın aprelin 2-dən başladığı mitinqlər Azərbaycanda yenidən sərbəst toplaşmaq azadlığının və 2 aprel mitinqində irəli sürdüyü əsas tələbləri – növbədənkənar parlament seçkilərinin keçirilməsini, korrupsiya ilə mübarizə və sosial proqramların həyata keçirilməsi ilə bağlı tələbləri aktuallaşdırıb.
İndi artıq bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən sərbəst toplaşmaq azadlığına şərait yaradılmasını, ümumiyyətlə, hərtərəfli geniş islahatların başlanmasını, mitinqlərə görə həbs olunanların azadlığa çıxmasını tələb edir və belə bir vaxtda əminəm ki, ölkə ictimaiyyətinin özünün səsini ucaltmağına ehtiyac var. Ölkənin daxilində Azərbaycan vətəndaşlarının daxili, dinc təzyiqləriylə beynəlxalq təşkilatların Azərbaycan rejiminə təzyiqləri bir-birini tamamlamalıdır və Azərbaycan hökumətini nəhayət, islahatlara başlamağa sövq etməlidir.

“Hakimiyyətin yalanı camaatı qorxutmaqdan ötrüdür”

Bu arada 19 iyunda İctimai Palatanın keçirəcəyi növbəti mitinq ərəfəsində hakimiyyət yenidən çaşqınlıq keçirir və məhz Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininin məlum açıqlamasını da bu çaşqınlığın ifadəsi kimi qiymətləndirirəm. Əminəm ki, 19 iyunda İctimai Palatanın çağırışına səs verən minlərlə insan məhz dinc etiraz aksiyasında iştirak edəcəklər. Bizim keçirdiyimiz aksiyalar hər zaman dinc xarakter daşıyıb, İctimai Palatanın bu barədə xüsusi qərarı var və bizim mitinq qətnaməmizdə birbaşa göstərilib ki, aksiya istisnasız olaraq dinc xarakter daşıyır və hətta nümayişçilər polis və digər təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalacağı təqdirdə belə, zorakılığa zorla cavab verməməlidir.
Ona görə də əminəm ki, 19 iyunda İctimai Palata tərəfdarları, həmfikirləri bu dinc etiraz aksiyasını təşkil edəcəklər. Hakimiyyətin yaydığı bu yalan məlumat, guya nümayişçilərin Gürcüstanda olduğu kimi, nümayişlərə dəyənəklə çıxmalarına olan işarələr camaatı qorxutmaqdan ötrüdür. Mən əminəm ki, bu dəfə 2 apreldə olan təxribatı edə bilməyəcəklər. 2 apreldə müəyyən təxribat törədildi, düzdür, ondan istifadə edərək müəyyən nümayişçilər həbs olunub, amma jurnalistlər həmin təxribatları ifşa ediblər. Foto və video çəkilişlər sübut edir ki, vitrinləri sındıranlar məhz nümayişçilərə aidiyyəti olmayan, hakimiyyətin himayəsində olan qrupların nümayəndələridir.

“Mən hamını ciddi monitorinqlərə çağırıram”

İndi isə mən fürsətdən istifadə edib həm İctimai Palatanın tərəfdarlarına, həm də mətbuata müraciət edirəm ki, nümayişlərdə iştirak etməklə yanaşı, həm də ciddi monitorinq aparın. Təxribat törətmək istəyən insanların foto və video çəkilişlərini aparın ki, sonradan həmin adamların bizə aidiyyəti olmadığını sübut etmək mümkün olsun.
Ən əsası, heç bir hədə, şayiə, dezinformasiya, Azərbaycan vətəndaşlarını öz konstitusion hüquqlarını reallaşdırmaqdan çəkindirə bilməz. Bizim apardığımız mübarizə haqlı mübarizədir, konstitusion mübarizədir, Azərbaycan xalqının maraqlarına uyğun bir mübarizədir. Biz də başqa xalqlar kimi azadlığımıza qovuşmaq istəyirik və bundan ötrü mübarizəmiz israrlı, davamlı olacaq və inanıram ki, xalqımız bu mübarizədə İctimai Palataya dəstək verəcək.

Nigar