Bir ölkənin taleyüklü məsələləri ortaya çıxanda məntiqlə ilk səsi eşidilən şəxs ziyalı olmalıdır. Mövqeyini açıq-aydın ifadə edən, doğru-dürüst, israrlı, kimsədən çəkinməyən və yalnız vicdanına söykənən ziyalı. Bir toplumun, bir cəmiyyətin aydınladan üzü, işıqlandıran siması olan ziyalı. Ən ağır məqamlarda qəlbinin diktəsi ilə yüz minlərin önünə çıxmağı bacaran, təhdidlər və hədələr qarşısında susub geri çəkilməyən ziyalı. Bir xalqın tarixini yazan, yaradan və irəli aparan milyonların arasında şəxsiyyətinin, sözünün, mənəviyyatının çəkisi ilə seçilən ziyalı…
Ötən həftə dəyərli ziyalımız Eldəniz Quliyev bu təbəqədən olan insanlara bir çağırış etdi. Nə demək istəyirdi Eldəniz müəllim? “Ay adamlar, ölkənizi uçuruma aparanları durdurun, övladlarınızın taleyini qaranlığa əmanət etməyin, gələcəyinizə sahib çıxın” demək istəyirdi. “Yalanlara, haqsızlıqlara, qanunsuzluqlara göz yumduğunuz yetər, haqqa gəlin” demək istəyirdi. “Bu gün ağzınızdakı tikənin düşməsindən qorxub susmaqla, sabah bütövlükdə süfrənizin əlinizdən getməsinə qatlaşmalı olacaqsınız” demək istəyirdi. “Bu qədər ədalətsizliyi görməzdən gəlməklə bir gün mütləq mənada özünüz o ədalətsizliklərin qurbanları olacaqsınız” demək istəyirdi. “Ziyalılıq heç də böyük, dolu və israfçı bir masanın qırıntılarından pay götürüb, onun arxasında oturan harınlara qulluq etmək anlamına gəlməz” demək istəyirdi. “Ziyalılıq adı soyulub-talanan, didilib-tökülən, ahı ərşə dirənən bir ölkənin belə günündə küncdə-bucaqda gizlənməklə, zalımın yanında dayanmaqla bir araya sığan şey deyil” demək istəyirdi…
Kimlərə yetişdi onun fəryadı? Neçə belə adamın ürəyini sızlatdı, neçəsinin vicdanını ağrıtdı, yuxusunu ərşə çəkdi, bilmirəm. Amma normalda bu baş verməliydi, mənə görə. Normalda onun harayına onlarca yerdən səs gəlməliydi. Mən o səsləri eşitmədim. Görünür, qınına çəkilən bu yazıqları qorxu hissi çoxdan lal-kar edib. Görünür, bu adamlar çoxdan barışıblar elə beləcə ölüsayağı keçinib getməyə. Belə çağırışlar da əksinə, onları xoflandırır, səksəndirir, yuxusunu pozur üstəlik. Həyat artıq onlar üçün səs salmadan, cınqır çəkmədən, başını dərdə soxmadan mövcudluğu qorumaq instinktinə çevrilib çoxdan. Eldəniz müəllim bu gerçəyi bilmirdimi? Bilirdi, əlbət. Axı qondarma və gülünc məhkəmə ittihamı ilə üz-üzə sorğuya çəkiləndə o təbəqədən neçə nəfər səsini çıxarmışdı ki, indi də vicdanları oyanıb hərəkətə gəlsinlər?..
“Bir çağın vicdanı olmaq istərdim, bir çağın. Daha doğrusu, bir ölkənin, idrakımıza vurulan zəncirləri qırmaq, yalanları yox etmək… istərdim…”- deyirdi Türk fikir adamı Cəmil Meriç. Eldəniz müəllim, sadəcə, bu çağın vicdanı olan insanlardan biri kimi, öz ziyalılıq missiyasını yerinə yetirir. O, öz çağırışı ilə dönə-dönə qarşısındakı ölü səssizliyə “daş atmaqda”, başqalarını “narahat etməkdə”, onların “yuxusunu pozmaqda” yerdən-göyə qədər haqlıdır. Çünki o, məlum çoxluqdan fərqli olaraq özü üçün bir şey istəmir. Heç “haqsızlığa uğradım, gəlin, məni müdafiə edin” də demir. O, zülm qarşısında dilini udub susan bu təbəqəyə bir toplum və məmləkətlə bağlı borcunu xatırladır. “Bir çağın vicdanı olmaq əvəzinə, bir çağın yalan maskası olmayın” deyir. “Əzilənə yaxınlaşmağa, haqlıya arxa durmağa, qanuna tərəf çıxmağa cəsarətiniz yoxsa, əzənin də yanında olmayın” deyir. “Ölkənin dizini bükən bunca yükün, problemin, dərd-sərin içində özünüzü yuxuluğa vurub riyakarlıq etməyin” deyir. Axı nəyi doğru demir ki?..