Bir qətlin göz önünə sərdiyi həqiqətlər

elnurastanbeyli@gmail.com
 
Bu günlərdə goranboylu bir hüquqşünasın Bakıda falçını qətlə yetirdiyi barədə xəbər var idi, çoxlarının diqqətindən yayında, osa bu xəbər əslində ölkəmizin hardan hara gəldiyini gözlərimiz önünə sərirdi. 
Qətlin motivini xatırlayaq: qatil hüquqşünas ifadəsi zamanı falçını ona yazdığı duaya görə qətlə yetirdiyini bildirib. Sən demə, falçının yazdığı dualardan sonra baş ağrıları çoxalıb. Yazılan duanın nəticəsini görmədiyinə görə də falçını qətlə yetirməyə qərar verib.
Bu bir qətl Azərbaycanın real, həqiqi mənzərəsini əks etdirir.
Əvvəla, qatil savadsız bir vətəndaş olsa, onun falçıdan mədət ummasını yenə hardasa anlamaq, başa düşmək olardı. Hüquq təhsili almış birinin dua ilə sağalmağa ümid etməsinə hansı anlam vermək mümkündür? Buradan çıxan nəticə çox açıqdır: Azərbaycan universitetləri öz məzunlarına sadəcə, diplom paylamaqla məşğuldur. Onlar böyük ölçüdə bilgili, irəli görüşlü insanlar yetişdirmirlər. Təhsil aşırı dərəcədə formallaşıb. Təhsilin məqsədi nə yolla olursa olsun, diplom alıb hansısa vəzifəyə, karyeraya ümid etməkdən o yana keçmir. Təhsilin kökündə modern, çağdaş insan yetişdirmək hədəfi dayanmır. 
Ikincisi, görün ölkə səhiyyəsi nə vəziyyətdədir ki, pis-yaxşı hüquq təhsili alan bir vətəndaş belə, ümidini falçılara bağlayır. Sağalmaq üçün dualardan, cadu-pitidən mədət umur. Inanın, bu yeganə hal deyil. Ölkə boyu falçılar, cadugərlər at oynadır. Onlar üçün əməlli-başlı meydan yaranıb. “Bazarları” pis işləmir. Bəs necə, illərcə məmur qapılarında sürünüb dərdinə dərman tapa bilməyənlər, haqqını əldə etmək üçün məhkəmələrdən əlini üzənlər, “həkim terroru”nun vəhşətindən, yanlış müayinə və müalicələrdən, səhiyyəni çulğamış rüşvətxorluqdan qorxanlar, cana doyanlar üçün bircə ümid yeri, bircə sığınacaq qalır: falçılar, cadu-piti yazanlar, pirlər, seyid ocaqları. 
Başı ölkənin sərvətlərini çapıb-talamağa qarışanlar görməyə bilərlər, ancaq yaşadığımız 21-ci əsr üçün nə qədər utancverici olsa da bu bir reallıqdır ki, ölkənin az qala hər köşəsində hər kəsdən və hər yerdən əli üzülən, ümidi kəsilənlər son çarə kimi məhz bu çağdışı, cahilliyin və xürafatın pik nöqtəsi olan yollara baş vururlar: hansısa məmurun ürəyinə insaf endirmək, hansısa xəstəlikdən sağalmaq, hansısa bir iş tapmaq üçün dua yazdırmaq, cadu elətdirmək fikrinə düşürlər. Zatən Azərbaycanda kütləvi savadsızlaşdırma siyasətinin aparılması, təhsilin mahiyyətinin təhrif edilməsi, onun ancaq və ancaq attestat, yaxud diplom sahibi olmaqla assosiasiya olunmağa başlaması bütün bu biabırçılıqlara daha çox çanaq tutur, “yaşıl işıq” yandırır.
Üçüncüsü, ölkədə hüququn özünün hansı vəziyyətə salındığı göz önündədir. Azərbaycan tarixinin bəlkə də ən böyük, ən qorxunc, ən dəhşətli hüquqsuzluq dövrlərindən birini yaşayırıq. Belədə hansısa hüquqşünasın falçı yanına getməsi, onun yazdığı dualardan nəticə almayınca da falçı qatilinə çevrilməsi niyə təəccüblü olsun ki?! 
Unutmayın: hüququn bitdiyi yerdə, hüququn işləmədiyi, hüququn ən üstün iradəyə çevrilmədiyi yerdə istənilən pisliyi normal, məntiqi sonluq kimi qarşılamaq lazımdır. 
Və bunu da unutmayın ki, Azərbaycana vurulan ən dəhşətli zərbə məhz haqqında danışdığımız mənəvi böhrandır. Şüurlarda getdikcə dərinləşən, güclənən deqradasiyadır. Geriçi düşüncənin sürətlə önə çıxması, Mirzə Ələkbər Sabirin, Axundovun, Haqverdiyevin, Mirzə Cəlilin, Üzeyir bəyin əsərlərindəki qəhrəmanların həyatımızdakı prototiplərinin görünməmiş dərəcədə çoxalması, prosesin hərəkətverici qüvvəsinə, az qala ölkənin aparıcı simasına çevrilməsidir. Kiçik bir çevrəni istisna etməklə toplumun bütünlüklə xürafata, fatalizmə, çağdışı dəyərlərə əsir düşməyə başlamasıdır. 
Nə vaxtsa korrupsiya yolu ilə itirdiyimiz pulların yerini doldurmaq bəlkə də mümkündür. Amma beyinlərdəki çöküşün, ağıllardakı qürubun, düşüncələrdəki aşınmanın vurduğu yaraları sarımaq və sağaltmaq, kim bilir, bizə hələ bundan sonra nə qədər böyük zaman və enerji itkisi bahasına başa gələcək.