Ramiz Rzayev özünü doğrultdumu?

Aslan Ismayılov: «Onun qədər pis işləyən ikinci Ali Məhkəmə sədri olmayıb»

 
Xəbər verildiyi kimi, aprelin 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatır. Bəzi məlumatlara görə, Ali Məhkəmənin sədri postuna Bakı Apelyasiya Məhkəməsinin sədri Iman Nağıyevin gətirilməsi üçün təqdimat verilib. Strateq.az saytı yazıb ki, hələlik bu posta kimin təyin olunacağı ilə bağlı hər hansı razılaşma yoxdur. Ali Məhkəmə sədrinin kim olacağı məsələsini bir kənara qoyub, Ramiz Rzayevin səlahiyyət müddəti dövründə  özünü doğruldub-doğrultmaması məsələsini ictimailəşdirdik. 
Məsələyə münasibət bildirən tanınmış vəkil Aslan Ismayılov Ali Məhkəmə sədrlərini daima tənqid edən şəxs kimi Ramiz Rzayevi əvvəlki məhkəmə sədriylə müqayisə edir. A.Ismayılov bu mənada onun Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanı geridə qoyduğunu bildirir:
 
 
“Ramiz Rzayevin əməllərini görəndə Südabə Həsənovanın dünyasını dəyişənlərinə rəhmət oxuyuram. Çünki Südabə Həsənova Ramiz Rzayevin bugünə qədərki qanunsuzluqlarını etməyib. Ramiz Rzayev qədər pis işləyən ikinci bir Ali Məhkəmə sədri görməmişəm. Mənim ən çox tənqid etdiyim Südabə Həsənova olsa da, o heç vaxt Ramiz Rzayevin yol verdiyi qanun pozuntularını etməyib. Hər şey müqayisədə bəlli olur, Südabə Həsənova Ramiz Rzayevdən qat-qat ədalətli olub. Rzayevin yol verdiyi ədalətsizliklər isə olduqca çoxdur”. 
Informasiya şöbəsi