YAP-ın bileti Heydər Əliyevin məzarı üstünə atıldı (VİDEO)

Bəxtiyar Hacıyevin anası oğlunun və digər gənc fəalların sifarişli həbsinə etiraz etdi

 

Keçmiş deputatlığa namizəd, hazırda həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailə üzvləri, eləcə də “Bəxtiyara dəstək!” kampaniyasının təşkilatçıları dünən mətbaut konfransı keçirdilər.
“Bəxtiyar Hacıyevə dəstək!” kampaniyasının təşkilatçılarından Rail Abbasov bildirdi ki, onları media qarşısına çıxmağa vadar edən səbəb müdafiə etdikləri şəxsə qarşı dövlət səviyyəsində başlanan çirkin kampaniyadır.
Hakimiyyətyönlü qəzetlərdə və “Lider” telekanalında Bəxtiyar Hacıyev barəsində təhqiramiz materialların yayılmasıyla ictimai rəyi çaşdırmağa cəhd göstərildiyini deyən Abbasovun sözlərinə görə, bircə fakt “Lider”in çoxüzlülüyünü sübut edir: “2008-ci ildə ABŞ-da Hillari Klintonun seçki kampaniyasının yeganə azərbaycanlı iştirakçısı olan Bəxtiyardan o zaman ”Lider” müsahibə almışdı. Bu müsahibədə Bəxtiyar “ölkəmizə qürur yaşadan adam” kimi xarakterizə edilib. Indi isə elə həmin telekanal Bəxtiyarı qeyri-etik fikirlər, mənəviyyatdan uzaq dedi-qodularla təhqir edir. Bu hal nəinki qanunsuzluqdir, ümumiyyətlə, jurnalistə və insana yaraşmayan hərəkətdir”.
Rail Abbasov qeyd etdi ki, yaltaq olmayan, sağlam düşüncəli insanlar Bəxtiyarı müdafiə edir, ona qarşı şər kampaniyasını pisləyirlər. “Bəxtiyara dəstək!” kampaniyası artıq ölkə boyu “Bəxtiyar Hacıyev kimdir?” mövzusunda məktublar yayır.
“Bizim məqsədimiz televiziyanın yalanlarına cavab verməkdir, cəmiyyətə Bəxtiyarın kimliyini tanıtmaqdır”, – deyə Rail Abbasov bildirib.
Bəxtiyarın anası Solidə Mövlayeva də gənc fəala qarşı çirkin kampaniyanı pisləyib: “Indi ona ”bakenbard”larının uzun olmasını irad tuturlar. Heç dəxli var? Yəqin ki, sabah da qaşlarının qalınlığını tənqid edəcəklər. Oğlumu tutublar, indi nə istəyirlər?”
1994-cü ildə YAP-na üzv olduğunu deyən Solidə xanım hakimiyyətin Bəxtiyara, eləcə də digər gənclərə qarşı qanunsuz və ədalətsiz əməllərindən sonra bu partiyadan istifa verdiyini açıqlayıb. Həmçinin mətbuat konfransından sonra YAP üzvlüyünə dair vəsiqəsini aparıb Heydər Əliyevin məzarının üstünə qoyacağını bildirib.
Solidə Mövlayeva da vurğulayıb ki, Bəxtiyarın heç bir günahı yoxdur, sadəcə, o, bu hakimiyyətin siyasətini tənqid etdiyinə görə bu gün dəmir barmaqlıqlar arxasındadır.
Bəxtiyarın qardaşı Vüqar Hacıyev isə kriminal dairələrdən onların ailəsinə daxil olan şübhəli zənglər barədə danışıb. Bildirib ki, bu zənglərlə onları təxribata çəkməyə cəhd göstərilir: “Bizə deyirlər ki, Bəxtiyarın yanına keçməyə imkanımız var, nə istəyirsinizsə, ona o şəraiti orada yaradaq. Kiminsə Bəxtiyara səmimi kömək etmək fikri varsa, çox sağ olsun. Ancaq biz bütün bu yardımların qanun çərçivəsində olmasında maraqlıyıq”.
Vüqar Hacıyev həmçinin təkcə qardaşını deyil, bütövlükdə siyasi baxışlarına görə həbsdə olan hər bir siyasi məhbusu müdafiə etdiklərini vurğulayıb.

 

***

Mətbuat konfransından sonra Solidə Mövlayeva YAP-nın üzvlük vəsiqəsini Heydər Əliyevin qəbrinin üstünə qoyub. Həmin vaxt hadisə yerinə gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Bəxtiyar Hacıyevin anasını və orada çəkiliş aparan Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) müxbirini saxlayıb. Bildiriblər ki, Solidə Mövlayeva və RATI-nin əməkdaşını bu məsələni aydınlaşdırmaq üçün aparırlar.
Yarım saat dindirildikdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Bəxtiyar Hacıyevin anası Solidə Mövlayevaya bildirib ki, onun partiya vəsiqəsi YAP-ın icra katibi Əli Əhmədova çatdırılacaq. Bundan sonra Solidə Mövlayeva sərbəst buraxılıb.
RATI-nin Fəxri Xiyabanda kamera ilə çəkdiyi videogörüntülər isə silinib.

Natiq