Əli Kərimli: «15 mart mitinqi kimi, 5 aprel aksiyası da yüksək səviyyədə baş tutdu və vətəndaşlar Milli Şuranın çağırışına cavab verdilər»
Aprelin 5-də Milli Şura “Talana və yalana son” şüarı ilə mitinq keçirdi. Əsasən sosial-iqtisadi problemlərlə bağlı təşkil edimliş bu mitinqə liderlər də qiymət verib.
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, mitinq yüksək əhval-ruhiyyə şəraitində keçib və kütləvilik təmin olunub: “ Çox yüksək səviyyədə mitinq keçirdik. Azərbaycan vətəndaşları ortaya iradə qoydu və ”Məhsul" stadionuna gələrək hakimiyyətin yürütdüyü siyasətə “yox” dedi. Mitinq o qədər kültəvi olub ki, ötən mitinqdə iştirakçıların sayını 600 nəfər göstərənlər, bu dəfə 1000 nəfərin iştirak etdiyini bildiriblər. Ölkəmizdə isə belə bir statistika formalaşıb ki, mitinq iştirakçılarının sayı hökumətin səsləndirdiyi rəqəmdən 10 dəfə çoxdur. Deməli, bu mitinqdə 10 min insan iştirak edib. Xüsusilə gənclər fəal iştirak etdilər. Azərbaycan cəmiyyəti bu siyasətə etiraz edir və bundan sonrakı mitinqlərin daha kütləvi olacağı gözlənilir. Mitinq yüksək səviyyədə baş tutdu və mitinq iştirakçılarına təşəkkür edirik".
AXCP sədri Əli Kərimli də çoxminli mitinqin keçirildiyini və vətəndaşların Milli Şuranın çağırışlarına adekvat cavab verdiyini bildirdi: “Milli Şura növbəti dəfə ”Talana son" mitinqi keçirdi və minlərlə insan mitinqə gələrək Azərbaycan hakimiyyətinin yürütdüyü sosial-iqtisadi siyasətə öz etirazlarını bildirdilər. Hökumətin öz maraqları üçün etdiyi israfçılıq və xalqa qarşı xəsislik siyasəti insanları çox acıqlı edib. Mitinq dinc şəraitdə keçirildi. Çox adamlar düşünürdü ki, 15 mart mitinqindəki kütləvilik manatın ucuzlaşmasına verilən emosianal reaksiya idi. Bizə opponentlik edənlər belə ümid edirdilər ki, mitinqlərdə artıq kütləvilik olmayacaq. Amma 5 aprel mitinqi eyni dərəcədə kütləviliklə keçdi və məlum oldu ki, AXCP-nin, Milli Şuranın çağırışı ilə hər zaman mitinqlərə qatılacaq geniş kontingent formalaşıb. Insanların sosial vəziyyəti ağırlaşdıqca, hökumətin problemlərə biganəliyi artdıqca, etirazçı kontingent də böyüyəcək. Bu etiraz aksiyaları davamlı olacaq və yaxın günlərdə növbəti mitinqin vaxtı təyin ediləcək".
Hikmət


