kiv-df

Azərbaycan ərazisindəki alban məbədləri

Ay Tanrıçası şərəfinə…

Azərbaycan tarixinin tədqiq olunmasında qədim alban zamanından qalan məbədlərin önəmli yeri var. Məlum olduğu kimi, bu dövrdə alban tayfalarının əksəriyyəti Ay Tanrıçasına sitayiş edirdi. Bu faktı Qafqaz Albaniyasının müxtəlif yerlərində Ay Tanrıçası şərəfinə tikilən məbədlər və qurbangahlar da sübut edir. Bu məbədlərdən ən məşhuru tarixi ədəbiyyatda “Ay ilahəsi məbədi” kimi tanınır. Strabon və digər tarixçilərin haqqında məlumat verməsinə baxmayaraq, bu məbədin harada və necə olması haqqında dəqiq məlumat yoxdur. Daha sonra, xristianlığın yayılması ilə bu məbədlər kilsələrə çevrilib, amma bəzi adət və ənənələr indiyə kimi qorunub saxlanılıb.

Bir ehtimala görə, indiki Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və digər alban kilsələrindən dairəvi şəkildə inşa edilməsi ilə fərqlənən (alban kilsələri ümumiyyətlə, dördkünc planda inşa edilib) Ləkit məbədinin yerində daha əvvəl məhz Ay Ilahəsi məbədi olub. Aya oxşar dairə şəklində və səmaya doğru ucaldılan 4 mərtəbəli olması bu ehtimalları doğruldur.

Azərbaycan yanar qazını Bakıdan Ceyhan limanına daşıyan Cənubi Qafqaz kəmərinin inşası ilə əlaqədar 2005-ci ildə Şəmkir rayonunun Çaparlı kəndi yaxınlığında mövcud olan belə antik və erkən orta əsrlərə aid arxeoloji məbəd kompleksi tədqiq edilmişdir. Arxeoloji qazıntılar nəticəsində burada alban xristian məbədi və qəbiristanlığı aşkarlanaraq öyrənilmişdir. Qazıntı sahəsinin 6 saylı kvadratında biri digərinin üzərində olmaqla iki bina qalığı üzə çıxarılmışdır. Üst inşaat qatında aşkarlanan tikili güclü dağıntıya məruz qalsa da, onun dördkünc biçimdə olduğunu ehtimal etmək mümkündür. Şərq-qərb istiqamətində 40-50 sm enində divar 2,5 uzunluqda salamat qalmışdır, şərq tərəfdə ona digər bir divar birləşərək bucaq yaradır. Çaydaşından inşa edilmiş tikili qalıqlarının X-XI əsrlərə aid olduğu bildirilir.

Arxeoloji qazıntılar binanın tikintisi zamanı əhəng daşlarının inşaat üçün hazırlandığı sahəni də müəyyənləşdirməyə imkan vermişdir. Qazıntı sahəsinin 7 və 8 saylı kvadratlarında əhəngdaşlarının parçalandığı, yonulduğu və cilalandığı sahə üzə çıxarılmışdır.
Qazıntı zamanı binadan üzərinə xaç təsviri salınmış daş lövhənin tapılması, eləcə də məbədin altından və ətrafından xristian qəbirlərinin aşkarlanması bina qalıqlarının IV-V əsrlərə aid alban xristian məbədinin qalıqları olduğunu təsdiqləməyə imkan vermişdir.
Məbəddən qərbdə mədəni təbəqənin alt inşaat qatında son antik dövrə aid metaləritmə kürəsi aşkarlanıb tədqiq edilmişdir. Kürə planda ovalvarı olub, ikiyaruslu quruluşda möhrədən düzəldilmişdir. Abidə ərazisində qazıntı zamanı çoxlu erkən xristian qəbirləri və iki küp qəbri tədqiq edilib. Burada əsasən insanların tək halda dəfni qeydə alınmışdır. Yalnız 3 saylı kvadratda kollektiv dəfnə, xaç formasında qazılmış qəbir çalasında isə xaçın hər tərəfində dörd nəfərin dəfninə rast gəlinmişdir. Tədqiq olunmuş qəbirlərdən yalnız birində qəbir avadanlığı aşkar edilib Uşaq qəbrindən muncuqlar və tunc bəzək əşyası tapılıb.

Azərgüşnasp məbədi

Azərbaycan ərzisində mövcud olmuş belə ən unikal abidələrdən biri də Azərgüşnasp məbədidir. Bu, Zərdüştilik və Atəşpərəstlik tarixində ən müqəddəs məbədlərdən olmuş və haqqında ən müxtəlif mənbələrdə məlumat verilmişdir. Məbəd uzun müddət öz əhəmiyyətini saxlamış, lakin Bizans imperatoru Iraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq, qarət edilmişdir. Məbəd Güney Azərbaycanın Qazaka şəhərində yerləşmişdir. Şəhərdə aparılan arxeoloji qazıntılar zamanı məbədin möhtəşəm xarabalıqları aşkara çıxarılmışdır.

X əsr səyyahı Məsər ibn Möhləhilə görə: “Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buradan almışlar. Atəşgahın gümbəzinə gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə, bu, tilsimdir”. Müəllifin yazdığına görə, heyrətləndirici cəhət atəşgahın odunun 700 il müddətində fasilsəsiz yanması və külünün olmamasıdır.

Iraklinin şəhərdəki əzəmətli binaları, o cümlədən Azərgüşnasp məbədini qarət etməsindən sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.

Bizans tarixçisi Mitenli Feofana (750-817) görə Kiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədinin külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir. Həmdullah Mustofiyə görə, monqolların dövründə Abaqa xan orda olan sarayın təmir edilməsini əmr etmişdir. Atəşgahın yerində məscidin tikilməsi üçün istifadə olunan kaşılar da bunu isbat edir. Hazırda burada Təxti Süleymanın əzəmətli binalarının xarabalıqlarından başqa heç bir şey qalmamışdır. Lakin uzun illər keçməsinə baxmayaraq, aparılan arxeoloji qazıntılar əzəmətli binaların və Azərgüşnasp məbədinin nişanələrini ortaya çıxarır. 1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı divar qalıqları aşkar olunmuş, burdan Parfiya və hətta ondan əvvəlki dövrə aid məlumatlar əldə edilmişdir.

Iran tarixçisi I.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: “Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxte Cəmşiddə olan dövlət arxivində saxlanılırdı”.
Azərbaycanın əzəmətli paytaxtı

Bəzi müəlliflər isə Azərgüşnasp məbədinin tarixini əfsanəvi hökmdar olan Keyxosrovla əlaqələndirirlər. Ümumiyyətlə, bütün pəhləvi dilli mənbələrdə Azərgüşnasp məbədi haqqında məlumatlara rast gəlinir.

Pəhləvi dilində yazılmış “Minokexurd”da deyilir:

“Keyxosrovun ən görkəmli işlərindən biri Çiçəst gölü yaxınlığındakı bütxananı viran edib Gəncək qalasını (Şiz qalası) bərpa etməsidir. Qadir yaradıcı gələcəkdə ona kömək edəcəkdir”.
Firdovsi “Şahnamə”sinin 61 yerində Azərgüşnasp məbədinin adını çəkir. Bu fakt özü belə həmin atəşgahın əhəmiyyətini göstərən amildir.Ərdəşir həmin atəşgahı təmir etdirmişdir. V Bəhram türk xaqanının (Ağ hun xaqanı) tacını və çoxlu miqdarda daş-qaşını atəşgaha vermişdir. Xosrov da buraya çoxlu qiymətli hədiyyələr bağışlamışdır.
Qazaka şəhəri və Azərgüşnasp məbədinin tarixinin müəyyənləşdirilməsində Ələkbər Sərəfraz və M.Kayeni tərəfindən yazılmış “Taxte-Süleyman” adlı kitabın böyük elmi dəyəri var. Burada deyilir: “Iran və Almaniya arxeoloqlarının 8 il müddətində apardıqları axtarışlar nəticəsində mühüm tarixi əhəmiyyətə malik olan Azərgüşnasp məbədinin taleyi həll edilmiş oldu”. Müəlliflərə görə, Təxti Süleymanın əhəmiyyəti iki səbəbə görə diqqəti cəlb edir. Tarixi və coğrafi məlumatlara görə Qazaka şəhəri Azərbaycanın əzəmətli paytaxtı olmuşdur. Məşhur Azərgüşnasp məbədi bu şəhərdə yerləşirdi.

Qədim dövr tarixi ilə məşğul olan bir sıra tədqiqatçılar şəhərin yerini müəyyənləşdirməyə çalışarkən müəyyən səhvlərə də yol vermişlər. Bəzilərinə görə, atəşgah Urmiya gölü yaxınlığında (V.Minorski, Darmesteter və Markvart), bəzilərinə görə Şiz (Qazaka) şəhərində, bəzilərinə görə isə Təxti Süleymanda yerləşirdi. Lakin Təxti Süleymanda aparılan arxeoloji qazıntılar bütün bu mübahisələrə son qoymuş və sübut etmişdir ki, Təxti Süleyman qədim Qazaka (Şiz) şəhəridir və Azərgüşnasp məbədi də buradadır. Beləliklə, vaxtilə burada olmuş Ravlinson, Yusti, Cekson, Fundrasten və Numenin Azərgüşnasp məbədinin Təxti Süleyman xarabalıqları arasında olması fikri bir daha təsdiqlənmiş olub.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir