«Sənə yar, səndən yar, şikayətim var…»
Bu gün “AZADLIQ!”, “KORRUPSIYAYA YOX!”, “RÜŞVƏTƏ YOX!”, “YALTAQLIĞA, SATQINLIĞA, YALAN DANIŞMAĞA YOX!” dediklərinə görə qazamata salınmış cəsur gənclərimiz qarşısında ağ saçlı başımı əyərək, onlara “SIZƏ ANANIZIN SÜDÜ HALAL OLSUN!” deyirəm. Eyni zamanda, üzümü ölkəmizin prezidentinə tutaraq ona gileylənirəm:
***
Şəxsən Sizə, mənə, özlərinə, Sizin və mənim övladlarımıza, nəvələrimizə, bir sözlə, bütün Azərbaycan xalqına bu şüarlarda yazılanları arzulayan gəncləri həbs edib qazamata salmaq ədalətsizlik, qəbahət və nəhayət, bir müsəlman kimi (axı Siz prezident kimi andiçmə mərasimində Qurani-Kərimə də əl basdınız) günah deyilmi?
Axı o gənclər “Gəlin hökuməti yıxaq!”, “Gəlin onların əbədi kürsülərini əllərindən alaq!” kimi şüarlar, ifadələr işlətməyiblər. Polis xəfiyyələri kimi insanlara qarşı zor işlədib, qollarını buraraq maşınlara basmayıblar. Mülki geyimli polis əlaltıları kimi ictimai və şəxsi binaların pəncərə şüşələrini sındırmayıblar… Məhz belə naqislikləri etmədiklərinə görə onların həbsinə hüquqi don geyindirmək məqsədilə polis və məhkəmə orqanları tərəfindən şərlənib, ləkələniblər, hətta “ənənəvi” üsulları tətbiq edərək ciblərinə narkotik də atıblar.
Maraqlı burasıdır ki, həbs olunan gənclərin hamısı yüksək intellektə, dünya görüşünə malikdir, onların arasında xarici ölkələrin ali məktəblərində təhsil alanları da az deyil. Görəsən, 40 nəfərə yaxın Nobel mükafatı laureatının mühazirə oxuduğu Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev kimi nə qədər övladımız var? Belə övladlar xaricdən vətənə qayıdanda, bütün ölkələrdə, o cümlədən Gürcüstanda qarşılarında qapılar açılır, mühüm dövlət işlərində vəzifə sahibi olurlar. Biz isə ONLARDAN QORXURUQ, tutub qazamata salırıq…
Həqiqətən, bu işlərin dünyada analoqu yoxdur. 100-150 nəfərin dinc aksiyaya çıxmasının qarşısını almaq üçün minlərlə polisi səfərbər edib, paytaxtın fövqəladə vəziyyətə gətirilməsi də dünyada analoqu olmayan bir haldır…
Qanunu kim pozur?
Prezident kimi, andiçmə mərasimində Siz Ana Yasamıza – Azərbaycan Respublikasının Konstitusiyasına da əl basdınız. Mən belə başa düşürəm ki, Siz bununla Konstitusiyamızın hər kəlməsinə hörmətlə yanaşıb, ona əməl edəcəyinizə söz verdiniz. Orada 1-ci bölmə, 49-cu maddənin 2-ci bəndində belə yazılıb: “HƏR KƏSIN BAŞQALARI ILƏ BIRLIKDƏ MÜVAFIQ DÖVLƏT ORQANLARINI QABAQCADAN XƏBƏRDAR ETMƏKLƏ DINC, SILAHSIZ YIĞIŞMAQ, YIĞINCAQLAR, MITINQLƏR, NÜMAYIŞLƏR, KÜÇƏ YÜRÜŞLƏRI KEÇIRMƏK, PIKETLƏR DÜZƏLTMƏK HÜQUQU VARDIR”.
Bəs reallıqda necə olur? Qanunu kim pozur? Öz konstitusiya hüquqlarından istifadə edərək dinc, silahsız nümayiş keçirən VƏTƏNDAŞLAR, yoxsa, qollarını burub onları maşınlara basan əli zopalı hökumət nümayəndələri – polislər, onların əlaltıları, mülki geyimli nəməlumlar?
Bakıdakı etiraz aksiyaları elə də izdihamlı olmayıb ki, avtomobillərin, ətrafdakı insanların hərəkətinə mane olsunlar, yaxud iş yerlərində, evlərində olan adamların fəaliyyətinə maneçilik törətsinlər. Təbii ki, bu barədə hökumətin tərəfindən səsləndirilən “arqumentlər” insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq üçün bəhanədən başqa bir şey deyil…
Əgər dinc nümayişlərin qarşısını almağınızı hüquqi baxımdan tam əsaslandırmaq istəyirsinizsə, o zaman gərək prezident seçkilərində məhdudiyyətsiz sayda namizəd ola biləcəyinizə dair Konstitusiyaya dəyişiklik etdiyiniz kimi, bu məsələ ilə bağlı da “referendum” yolu ilə Konstitusiyaya “düzəliş” edəsiniz, oradan 49-cu maddə çıxarılsın və ya həmin bənddəki cümlənin sonunda “VARDIR” sözü “YOXDUR”la əvəz olunsun.
Millətimizi ki, yaxşı tanıyırsınız, Sizi inandırıram, müxalifətçilər və onların ətrafında birləşən, vətənin gələcəyi üçün narahat olan gənclərdən savayı, bir nəfərin də cınqırı çıxmayacaq. Bu referemdumda da iqtidar 73,7 faiz səslə qələbə çalacaq.YAP – vəzifə almaq istəyən gənclər üçün tramplin
Indiki iqtidaryönlü gənclərin tutduqları yol sovetlər dövründə hakimiyyətə can atan gənclərin yolunu xatırladır: komsomoldan SovIKP-nın üzvlüyünə, oradan da bir qədər psevdoaktivlik və yaltaqlıqdan sonra partiya və dövlət işlərində “yağlı” bir vəzifəyə keçid. Dövlətçiliyimizin, daxili və xarici siyasətimizin heç bir problemi onları düşündürmürdü, narahat etmirdi. YALNIZ “YAĞLI” VƏZIFƏ VƏ PUL QAZANMAQ! Amma vaxt gəldi, bir də gözlərini açdılar ki, sovet sistemi çöküb və … Ən birinci “partbilet”lərini yandıranlar da elə onlar oldular.
Bu gün də iqtidaryönlü gənclər “yağlı” vəzifə almaq üçün YAP-dan tramplin kimi istifadə edirlər. Onları nə çökmüş elm və təhsilimiz maraqlandırır, nə ölkəni bürüyən rüşvət və korrupsiya, nə də asılı olduqları “şəxsiyyətlər” qarşısında öz ŞƏXSIYYƏTLƏRINI itirib yaltaqlanmaları, alçalmaları… Onların beynəlxalq aləmin ölkəmiz haqqında rəylərindən də xəbərləri yoxdur. Çünki bu adamlar heç qəzetləri də oxuya bilmirlər. 40 il ali məktəbdə dosent və professor kimi fəaliyyət göstərdiyimə görə bu sonuncu ifadəmə əminəm!
Cənab prezident, əgər mən bu giley-güzarlarımı səmimi qəlbdən, ölkəmizin xoşbəxt gələcəyi naminə etmirəmsə, mənim ağ saçlarima lənətlər olsun! Allah özü bizə yar olsun! Ancaq iş ki qaldı Allaha, doğrusu, ümidim çox azdır…



