Dünən xəbər saytlarında tükürpədici bir cinayətlə bağlı yaxın günlərdə başlanacaq bir məhkəmə barədə xəbər vardı, orada deyilirdi ki, fevralda 5 yaşlı qızını durmadan ağladığına görə döyüb öldürən Şahlar Həsənov haqqında cinayət işinin istintaqı yekunlaşıb, indi qalır onu mühakimə etmək.
Mən istəyirəm bu qəddar atanın adına xüsusi diqqət yetirək və yadımızda saxlayaq: Şahlar!
Şahlarla bərabər onun həyat yoldaşı, 5 yaşlı qızcığazın analığını da məhkəməyə çəkəcəklər, hər ikisinə ağır cəza veriləcəyi şübhəsizdir. Bəli, bu dəhşətli cinayət əsla və əsla cəzasız qalmamalıdır.
Cəzasız qalmamalıdır qalmamasına da, amma biri çıxıb mənə anlatsın: 5 yaşlı qızcığazı döyüb öldürən qansız ata ilə 17 aprel mitinqində “Azadlıq!” bağırdığına görə 5 yaşlı qızcığazı gözünün yaşına baxmadan küçənin ortasında sürütləyən, polis maşınına oturdub bölməyə aparan, bu da azmış kimi, sonra çıxıb həmin qızcığazın anasını “bar qadını” deyərək bir də mənəvi terrora əl atan qansız bir rejimin fərqi nədir? Ucadan ağladı deyə 5 yaşlı qızcığazı terror edən Şahlarla ucadan bağırdı deyə 5 yaşlı qızcığazı terror edən Şah rejiminin fərqi nədir, kimsə mənə anlada bilərmi? Biri cəzalandırılır da, digərinə niyə gözün üstə qaşın var deyən tapılmır? Budurmu bu ölkənin ədaləti? Budurmu bu ölkənin hüquq əxlaqı?
Bir-birindən mahiyyətcə, mənaca fərqlənməyən iki cinayətdən birini yarğılayan, digəri qarşısında isə səssiz qalan bir ədalət anlayışı ola bilərmi? Əgər bir hakimiyyət öz ölkəsinin cocuqlarına o qədər amansız olarsa, o qədər zalım, o qədər qəddar olarsa, vətəndaşlardan nə gözləyirik? Kimsə çıxıb mənə “bir atanın uşaqlarına münasibəti ilə bir hakimiyyətin ölkəsindəki uşaqlara münasibəti eyni olarmı heç?” şəklində əks-arqument istehsal etməyə qalxmasın. Insanlar plastilin kimidir – ondan aqil vətəndaş, cahil vətəndaş, rüşvətxor vətəndaş, dürüst vətəndaş düzəltmək kimi, yaxşı ata, pis ata düzəltmək də hakimiyyətin öz əlindədir.
Əks halda soruşuram: necə olur ki, bir atanın övladı gedib hansısa idman yarışında, musiqi müsabiqəsində birinci yeri tutur, bunda atanın xidmətini, rolunu qiymətləndirmək kimsənin vecinə olmur, o qələbənin tək səbəbkarı kimi məhz hakimiyyətin atalıq qayğısı göstərilir, amma öz övladını döyərkən, qanına qəltan edərkən bunun tək faturası atanın özünə kəsilir, hakimiyyət suçsuz, aydan arı, sudan duru olur? Allah eşqinə deyin, varmı burda bir məntiq?
Bir də gəlin əyri oturaq, düz danışaq: oğulun hakimiyyət naminə atanın səhhəti ilə spekulyasiya etdiyi, taxta çıxdığı ölkədə iki dünya bir olsun, artıq normal ata və övlad ilişkisi olmaz. Bir baxarsınız, övlad atasına hücum çəkmiş, bir baxarsınız ata övladına. Məndən bu qədər… Gerisini özünüz düşünün artıq.
Mitinqə yer verməkdə yox, mitinqi dağıtmaqda “Gürcüstan variantı”
Bakı polisinin rəis müavini Səhlab Bağırov dünən bir açıqlama verib və müxalifətin 19 iyuna planlaşdırdığı mitinqlə bağlı rejimin qorxusunu, həyəcanını ifadə edib. Deyib: “Bizdə məlumat var ki, radikal müxalifət ”Gürcüstan variantı”na hazırlaşır. Bilsinlər ki, aksiyanın qarşısı “Gürcüstan variantı”ndan da sərt şəkildə alınacaq”.
Burada incə bir məqam var. Səhlab Bağırovun Azərbaycan müxalifətinin mitinq təşəbbüsünü “Gürcüstan variantı” kimi qələmə verməsi böyük bir savadsızlıq, məlumatsızlıq nümunəsidir, insanları qandırmaq cəhdidir. Çünki Gürcüstanda maydakı mitinq zamanı müxalifətə şəhərin istənilən mərkəzi yerində, o cümlədən, parlament, Prezident Dəftərxanası önündə aksiya keçirməsinə izn verilmiş, sadəcə, gürcü müxalifəti qaracığallıq etmiş, ancaq və ancaq hərbi paradın keçiriləcəyi yerdə və vaxtda mitinqə təşəbbüs etmişdi.
Azərbaycanda isə müxalifət Bakının istənilən mərkəzi meydanında mitinq keçirməyə razı və hazırdır, buna razı olmayan, qaracığallıq edən bir tərəf varsa, o da hakimiyyətin özüdür.
Bir sözlə, müxalifətə mitinq üçün yer verməkdə Gürcüstana oxşamayıb, amma mitinqi dağıtmaqda Gürcüstana oxşamaq istəmək hüquqa da tüpürməkdir, əxlaqa da, məntiqə də.
Özünüzü az ifşa edin.