Həsən Kərimov, AXCP Ali Məclisinin sədri
Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə malik olan, insanlığı, haqq-ədaləti, halallığı həmişə uca tutan Azərbaycan xalqı! Sözümüz bir daha sənədir! Sözümüz bu xalqın hazırkı mühitdə çarəsizlik dərdinə mübtəla olmuş ata-analarına, oğul-qızlarınadır.
Sən azadlıq yanğısı, tərəqqi, firavanlıq, xoşbəxtlik arzuları ilə mübarizə meydanına atıldın, şəhidlər verdin, istiqlal qazandın. Ümid edirdin ki, iradəni ifadə edəcək azad seçkilərlə xeyir-dua verdiyin hakimiyyət milli maraqların keşiyində duracaq, xalqın mənafeyi hər şeydən üstün tutulacaq. Firavan yaşayışın təmin ediləcək, hüquqların müdafiə olunacaq, qurduğun dövlətin suverenliyi qorunacaq, hərbi qüdrəti, iqtisadiyyatı, elmi, mədəniyyəti inkişaf edib çiçəklənəcək. Amma qəzavü qədərdən, hər şey tərsinə oldu. Nəsibin tərəqqi və yüksəliş əvəzinə, tənəzzül və gerilik, ağrılı, iztirablı qara günlər oldu. Dilənçi kökünə salınıb çörəklə imtahana çəkildin. Ehtiyac, səfalət mühiti yaradıb, arzuladığın azad cəmiyyəti zəlalətli kriminal cəmiyyətə çevirdilər.
Bütün bunlar nə Tanrının qəzəbi, nə də tarixin istehzasıdır. Kimə məlum deyil ki, xalqa qarşı bu total qəsdin, qərəzin arxasında nə dayanır? Səni ruhən, mənən sındırmaqda bu hakimiyyətin məqsədi nədir?
“Əhalini ehtiyac içərisində saxlayıb əyləncələrlə baş qatmaq cəmiyyəti idarə etmənin ən asan formasıdır” – xalqa sevgi bəyan edib, əslində isə nökər kimi baxan, həqarət edən, islahatlar adı altında sərvətlərini talayan, özəlləşmə adı ilə torpağını, bulağını, meşəsini, gölünü, dənizini mənimsəyən, despot, qansoran hakimiyyətlərin idarəetmə fəlsəfəsinin məkrli mahiyyəti bundan ibarətdir. Bu idbar təcrübəni təqdir edən, özü kimi çirkaba batan məddahlar, işbazlar mükafatlandırılır, təmiz yaşamaq istəyən, ürəyi vətən eşqi ilə çırpınan vicdanlı vətəndaşlara, haqq-ədalət tələb edənlərə zülm, sitəm edilir, saxta ittihamlarla damğalanıb zindana atılır. Zülm və səfalət əlindən xarici ölkələrə qaçıb sürgün həyatı yaşamaq məcburiyyətində qalanların sayı gündən-günə artır.
Xalqdan çox uzaq olan bu qüvvələr nə mənimsədikləri hakimiyyətdən əl çəkmək, nə idarəetmə üsullarını dəyişmək, nə də beynəlxalq öhdəliklərə əməl etmək fikrindədir. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycandakı acınacaqlı vəziyyətlə bağlı müraciətləri, vətəndaş cəmiyyəti üçün təhlükəsiz, normal şərait yaratmaq çağırışları cavabsız qalır. Əksinə, iqtidar qanunlara mürtəce xarakterli dəyişikliklər etməklə bütün hüdudları aşır, azad insan fəaliyyəti ifrat üsullarla məhdudlaşdırılaraq iflic vəziyyətə salınır. Daha kütləvi repressiyalara rəvac verilir, zülm ərşə dirənir. Haqqın, ədalətin bərpası naminə beynəlxalq təşkilatlarla, Avropa Insan Haqları Məhkəməsilə əməkdaşlıq edənlərin həbsi davam edir.
Ölkədə müstəqil telekanal və ya radio qalmayıb. Müxalifyönlü qəzet və agentliklərə qarşı təqib və təzyiqlər ara vermir, redaksiyalarda əsassız axtarışlar aparılır, jurnalistlər qurama ittihamlarla dəmir barmaqlıqlar arasına salınır, tənqidçi mövqedə olan hüquq-müdafiə təşkilatlarının bank hesabları dondurulur, rəhbərləri həbsə atılır, əməkdaşları təzyiqlərlə üzləşir.
Biz səni ləyaqət və şərəfini alçaldan, milli vüqarına həqarət edən qüvvələrə “DUR” deməyə çağırırıq. Səni acı güzəranla ömrünü əridib, insanlığına edam hökmü verən rüşvətxor, korrupsioner tayfa-klan hakimiyyətinin əsl mahiyyətinə – "TALANA SON!" deməyə səsləyirik. Reketçi təbliğat kampaniyası ilə qəhrəman oğul və qızlarını, görkəmli dövlət adamlarını, ziyalılarını ləkələməklə xalqın özünə inamını qıran, milli ideoloji iflasına çalışan, əvəzində süni lider, böyük rəhbər-öncəgörən obrazı yaradanların; “balanslı siyasət” adı ilə dostla düşmənə fərq qoymayan, ölkəni kənar qüvvələrin maraqlarına tabe etdirənlərin; saxtalaşdırdıqları seçkiləri qoçu, polis rejimilə mütləqləşdirməklə xalqla dövlət arasındakı uçurumu get-gedə dərinləşdirənlərin; abadlıq adıyla yol bəzəyib “iş gedir” görüntüsü yaradıb, əslində isə külli miqdarda vəsaitləri mənimsəyən və əldə etdiyi sərmayəni xarici banklara yatıranların; rifah halını yaxşılaşdırmaq, sosial təyinatlar adı altında dözülməz təminat səviyyəsinə haqq qazandırmağa çalışanların həyata keçirdikləri "TALANA SON!" deməyə çağırırıq.
Daha faciəli, müsibətli günlər yaşamaq istəmiriksə, bir yumruq kimi birləşməli, "TALANA SON!" deməyi bacarmalıyıq.
Başqa yolumuz varmı?!


