Kredit şərtləri dəyişdirilir

İlham Əliyev Mərkəzi Banka yeni tövsiyələr verib

 
Nemət Əliyev: «Istehlak kreditlərinin verilməsinin dayandırılması əhalinin sosial vəziyyətini pisləşdirəcək»
 
Azərbaycanda bankların verdiyi kreditlərin daha çox real sektora yönəldilməsinə şərait yaradılacaq. Bunu Milli Məclisin Iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni iqtisadi çağırışlarla bağlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkə başçısının tövsiyəsi ilə kreditlər daha çox istehsal sahələri yaradan və iş yerləri açan iş adamlarına veriləcək. Belə iş adamları üçün faiz dərəcələri də aşağı salınacaq. “Mən düşünürəm ki, kreditlərin daha çox istehlak məqsədi ilə verilməsinə gərək yoxdur”,- deyə komitə sədri bildirib.ÿ
Ziyad Səmədzadənin sözlərinə görə, kreditlərdən əyalətlərin iqtisadi inkişafı üçün istifadə ediləcək. Bu məqsədlə həmçinin regional iqtisadi inkişaf mərkəzləri yaradılacaq. Ayrıca hər region üzrə sənaye zonaları, texnoparklar və s. təşkil ediləcək (ans).
Vətəndaşlara verilən kreditlərin dayandırılması ölkədəki sosial-iqtisadi durumu bir qədər də qəlizləşdirəcək. Çünki bir çox hallarda sadə vətəndaşlar bu kreditlər vasitəsilə müxtəlif problemlərini yoluna qoyur, üzləşdiyi maliyyə çətinliklərini qarşılayırdı. Amma bu kreditləşmə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq. Bu isə narazılığın bir qədər də artmasına səbəb olacaq.
Əslində bu addım ilə oliqarxlar kredit formasında dövriyyədə olan vəsaitlərini təminat altına almaq istəyirlər. Çünki ölkədəki 20 milyardlıq kredit portfelinin 4 milyardı banklara əmanət qoyan vətəndaşlara məxsusdursa, yerdə qalan 16 milyard oliqarxların vəsaitidir. Manatın devalvasiyası isə bu maliyyəyə ciddi ziyan vurmuşdu. Görünür, bu addımı ilə hakimiyyət ona dəyən ziyanı müəyyən dərəcədə sığortalamağa çalışır.
Iqtisadçı Nemət Əliyevin sözlərinə görə, ümumi kredit portfelində istehlak kreditlərinin çəkisi böyükdür. Bu rəqəmin 35-40 faiz arasında dəyişdiyini deyən N.Əliyev bildirdi ki, istehlak kreditlərinin verilməsi dayanacağı təqdirdə ölkənin ümumi kreditləşməsi aşağı düşəcək: “Istehlak kreditlərin verilmə dinamikasını nəzərdən keçirəndə bəlli olur ki, son on il müddətində istehlak kreditlərinin həcmi sürətlə artıb. Əhalinin sosial vəziyyəti o dərəcədə ağırlaşıb ki, əhali üzləşdiyi maliyyə problemlərini həll etməkdən ötrü məcbur olub istehlak kreditləri alırdı. Problemi həll edə bilməsə də, bu günün problemini sabaha ötürürdü. Istehlak kreditlərinin faiz dərəcəsi yüksək olduğundan bu da özlüyündə əlavə problem yaradırdı. Bunun nəticəsidir ki, ölkədki problemli kreditlərin həcmi kifayət qədər böyüyüb”.
N.Əliyevin sözlərinə görə, əgər 2014-cü ildə problemli kreditlərin böyümə həcmi hər ay 15 milyon manat artırdısa, 2015-ci ilin yanvarında problemli kreditlərin aylıq artım həcmi 56 milyon manat olub. Istehlak kreditlərinin dayandırılmasının əhalini problemləri ilə baş-başa qoyduğunu deyən N.Əliyev bildirdi ki, bu qərar əhalinin sosial vəziyyətini pisləşdirəcək. “Əgər vətəndaş həmin kreditlərin hesabına məişət problemlərini həll edirdisə, indi bu imkandan məhrum olacaq. Belə izah edirlər ki, sanki istehlak kreditlərinin dayandırılması kreditlərin istiqamətini istehsal obyektlərinin inkişafına yönəldəcək. Bu cür yanaşma kökündən səhvdir. Istehlak kreditlərinin dayandırılması kreditlərin axınının istehlak obyektlərinin inkişafına yönəldilməsinə necə təsir edə bilər. Bunun bir izahı varmı?”, deyə N.Əliyev vurğuladı.
Ekspert onu da bildirdi ki, Azərbaycanda son illər ərzində kreditlərin istehsal sferasına yönəlməməsinə səbəb iş adamlarının istehsala yatırım etməklə gəlir əldə edə bilməyəcəyini anlamasıdır. Deməli, Azərbaycanda biznes şəraiti yoxdur. Hökumətin hansı zərurətdən bu addımı atmasına gəlincə, N.Əliyev hesab edir ki, hökumət anlayıb ki, xarici investorlar Azərbaycan iqtisadiyyatına yatırımdan imtina ediblər. Yaranan boşluğu məhz bu yolla doldurmağa çalışırlar: “Əhali yanvar ayı ərzində istehsala 16 dəfədən çox kapital qoyluşunu dayandırıb. Banklarda bu azalma 40 faizdən çox olub. Hökumətin özü kapital qoyluşu istiqamətindəki fəaliyyətini 2.3 dəfədən çox zəiflədib. Atılan addımın səbəbi məhz budur. Bu qərar ilə hökumət bankların kredit sahəsindəki fəaliyyətini təzyiq altına almaq istəyir”.
Xəyal