
Türkiyənin tanınmış sənətçilərindən olan Kayahan uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib. Müğənni 1990-cı ildən bəri xərçəngdən əziyyət çəkirdi. Martın 23-də vəziyyəti pisləşən sənətçi İstanbuldakı xəstəxanalardan birinə aparılmış, iki gün sonra isə reanimasiyaya yerləşdirilmişdi. Bu il fevralın 14-də son dəfə konsert proqramı ilə sevənlərinin qarşısına çıxan Kayahan «Mən haqqımı halal edirəm, siz də edin» deyərək xalqından halallıq istəmişdi.
Kayahan Açar 1949-cu ildə İzmirdə dünyaya gəlib. Müğənniliklə yanaşı, tanınmış şair və bəstəkar da olub. 1991-ci ildə çıxardığı «Yemin etdim» adlı ilk albomu ilə məhşurlaşmağa və sevilməyə başlayıb. 89 və 90-cı illərdə iki dəfə ard-arda Türkiyəni «Eurovision» musiqi yarışmasında təmsil edib. Təbiət və ətraf mühitin qorunmasına olduqca həssas yanaşan Kayahan bu məsələyə diqqət çəkmək üçün xeyli sayda xeyriyyə konserti verib. 1992-ci ildə Cümhuriyyət bayramı münasibətilə Ankaranın «Kızılay» meydanında verdiyi konsertə 169 min tamaşaçı toplamaqla tarixə düşüb. «Canım Sıkılıyor Canım» (1981), «Merhaba Çocuklar» (1987), «Benim Şarkılarım» (1988), «Benim Şarkılarım 2- Siyah Işıklar» (1989), «Yemin Ettim» (1991), «Odalarda Işıksızım» (1992), «Son Şarkılarım» (1993), «Benim Penceremden» (1995), «Canımın Yaprakları» (1996), «Emrin Olur» (1997), «Beni Azad Et» (1999), «Gönül Sayfam» (2000), «Ne Oldu Can?» (2002), «Kelebeyin Şansı» (2004), «Biriciyime» (2007), “365 Gün” (2011) kimi albomları ilə sevənlərinin qəlbində taxt qurub.
Gültəkin