100 faiz artım söz verdilər, 20 faizinə əməl etdilər

Müəllimlərin məvacibinin 2 dəfə artırılması ilə bağlı vəd yerinə yetirilmir

 
«Hakimiyyət özünə prioritet olaraq müəllimlərin əmək haqqının artırılmasını deyil, futbol köynəklərinə adların yazılmasını götürüb»
 
Bir müddət əvvəl hakimiyyətin əlində ən böyük təbliğat vasitəsi müəllimlərin əmək haqqının iki dəfə artırılması ilə bağlı atılan addım idi. Hökumət bunu ciddi sosial tədbir kimi təqdim etməyə çalışırdı. Amma elə dövlət başçısının sərəncamı verildikdən sonra aparılan araşdırmalar sübut etdi ki, heç də hər şey təqdim olunduğu kimi deyil. 
Müəllimlərin əmək haqqı deyildiyi kimi iki dəfə artmayıb. Artım bir neçə faiz təşkil edir. Digər tərəfdən, onu da vurğulamaq yerinə düşər ki, bu artım bütün müəllimlərə deyil, yalnız xüsusi qiymətləndirmədən keçən müəllimlərə şamil ediləcək.
Təhsil naziri Mikayıl Cabrayılovun son açıqlaması da yazdıqlarımızın təsdiqidir. Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, ilkin mərhələdə maaş artımı mart ayı üçün artıq Bakıda yerləşən məktəblərdə fəaliyyət göstərən müəllimlərə ödənilib: “Hər bir müəllimin artım faizi və nisbəti fərdidir. Bu onların iş stajı və dərs yükündən asılıdır. Bu məsələyə dair Bakı şəhər Təhsil Idarəsi xüsusi açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də məktəb rəhbərliyinə bu işlə bağlı əlavə məlumatlar verilir. Bu məqsədlə xüsusi işçi qrupu formalaşıb”.
Artımda konkret rəqəmə gəlincə, M.Cabbarov qeyd edib ki, bu artım hər bir müəllim üçün fərqlidir: “Əksər müəllimlər üçün bu əmək haqqı artımı təxminən 20-30 faiz civarında olur. Bundan daha çox alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və dərs yükləri, eləcə də Azərbaycan Respublikasının gəlir vergisi sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı olaraq təbii olaraq hər bir vətəndaşın gəlir vergisi dərəcəsi tətbiq oluna və ödənilə bilər. Belə yanaşma olmamalıdır ki, hər bir müəllimə artım eyni svəiyyədə tətbiq olunub. Eyni qrupda, yəni stajla çalışan və dərs yükü olan müəllimlərin maaş artımı eyni ola bilər. O ki qaldı ümumi artıma, bu, cənab Prezidentin sərəncamı ilə müəyyən edilib. Dərs stavkası 1,5 dəfə, əmək haqqı isə orta hesabla 2 dəfə artırılıb. Bunun da əks hesablanmasını keçirmək asandır”.
Müəllimlər arasında ayrı-seçkiliyin salınması və artım şamil edilənlərin əksəriyyətinin əmək haqqının yalnız 20-30 faiz artırılması diqqətdən yayınmır. Bu cür yanaşma nə dərəcədə ədalətli və düzgün sayıla bilər?
Iqtisadçı Nemət Əliyevin fikrincə, hökumətin təbliğatı elə təəssürat yaratdı ki, müəllimlərin əmək haqqı həqiqətən də iki dəfə artırılıb. Amma qısa müddət ərzində  oldu ki, artım yalnız müəyyən bir qism müəllimə şamil ediləcək: “Eyni zamanda məvacibi artırılan müəllimlərin dərs yükü də 1.5 dəfə artırılacaq. Dərs yükünün artırılması isə əlavə şagird cəlbi hesabına deyil, hansısa müəllimlərin dərs yükünün azaldılması hesabına baş verir. Yəni bir müəllimin dərs yükünü kəsərək başqasına yükləməlidirlər. Bir müəllimin dərs yükü və maaşı artırılacaqsa, deməli, onun həmkarının ya dərs yükü azaldılacaq, ya da o iş yerini itirəcək. Ona görə də müəllimlərin maaşlarının artırılması ilə bağlı real vəziyyət bundan ibarədir”.
N.Əliyev onu da bildirdi ki, hökumət həmişə sovet dövründən qalma “pripiska” ənənəsinə sadiq qalaraq müəyyən rəqəmləri şişirdilmiş şəkildə təqdim edir. Bundan başqa, müəllimlərin siyahısında “ölü canların” olması, adlarının getməsi, amma özlərinin dərs deməməsi faktları kifayət qədərdir: “Hazırda dövlət büdcəsinin hazırkı şəraitində müəllimlərinin əmək haqqının artırılması çox müşküldür. Təəssüflər olsun ki, hakimiyyət özünə müəllimlərin əmək haqqının artırılmasını deyil, futbol köynəklərinə adların yazılmasını, erməni idmançıların idman yarışlarına qatılmasını prioritet seçib”.
N.Əliyevin sözlərinə görə, bu o demək deyil ki, müəllimlərin əmək haqqını artırmaq, bunun üçün imkanlar tapmaq mümkün deyil. Bu imkanlar həmişə var. Amma bunu etməkdən ötrü istək, məqsədyönlü siyasət lazımdır.
Hikmət