Dövlət başçısı Qərbin demokratiya tələblərini yerinə yetirməməsinin məsuliyyətini üzərindən atıb
“Wikileaks” saytı məxfi diplomatik yazışmaların növbəti seriyasında ABŞ-ın Bakıdakı sabiq səfiri Enn Dersinin diplomatik məktubunu açıqlayıb. 2008-ci ildə Vaşinqtona göndərilən həmin məktubunda maraqlı məqamlardan biri Prezident Administrasiyasının (PA) şöbə müdiri Novruz Məmmədovun etiraflarıdır.
Novruz Məmmədov səfirlə söhbətləri zamanı bildirib ki, Ilham Əliyev Qarabağ münaqişəsi üzrə mövqeyinə və demokratiya sahəsində Qərbin qarşısında götürdüyü öhdəliklərə görə öz administrasiyasının üzvlərinin artan tənqidi ilə üz-üzədir. “Bu qüvvələr demokratik islahatlara qarşı çıxır”, deyən Məmmədov demokratiyanın Qarabağ probleminin həllinə kömək etmədiyinə işarə edib.
Novruz Məmmədovun bu etirafı heç şübhəsiz özfəaliyyət ola bilməz. Şöbə müdiri yalnız Ilham Əliyev səviyyəsində razılaşdırılmiş şəkildə belə etiraflar edə bilər. Novruz Məmmədovun etirafından görünür ki, Ilham Əliyev Qərbin demokratiya və insan haqları ilə bağlı tələblərini yerinə yetirməməsinin məsuliyyətini üzərindən atmağa çalışır. Administrasiya daxilində ona təzyiqlərin olduğunu deyir. Və faktiki olaraq məsuliyyəti PA rəhbəri Ramiz Mehdiyevin və iqtidardakı digər söz sahiblərinin üzərinə atır. Əslində isə Qərbə də bəllidir ki, demokratiya məsələsində şəxsən Ilham Əliyevin özü maraqlı deyil. Novruz Məmmədovun başqa bir etirafından da bu aydın sezilir. Şöbə müdiri bildirib ki,
Ilham Əliyev Qərbi Azərbaycana dəvət edən atasının səxavətini dəyərləndirmədiyi üçün Qərbdən narazıdır. Bu etirafdan sonra məsuliyyəti komandanın üzərinə atmaq əlbəttə ki, qeyri-səmimiliyin nişanəsidir. Görünür, Ilham Əliyev Novruz Məmmədovu düzgün istiqamətləndirməyib. Şöbə müdiri ard-arda iki ziddiyyətli etiraf edib və bununla da demokratiyaya əngəl olan bir nömrəli şəxsin elə Ilham Əliyev olduğunu ortaya qoyub.
Analitik şöbə