İranla tarixi anlaşma əldə olundu

Tehran nüvə iddiasından imtina etdi; Qərb İranın üzərindən sanksiyaları götürür

Rusiya XİN başçısı danışıqları yarımçıq tərk etdi

Dünyanın əsas gücləri kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Britaniya, Fransa, Çin, Rusiya) və Almaniya (5+1) ilə İran arasında nüvə razılaşmasına dair martın 26-dan başlanan davamlı danışıqlar aprelin 2-də İsveçrənin Lozanna şəhərində uğurla başa çatıb.

Danışıqlardan sonra İranın xarici işlər naziri Cavad Zərif və Avropa Birliyinin xarici siyasət komissarı Federika Moqerini əldə olunmuş razılıqlar barədə açıqlama veriblər.

Birgə mətbuat konfransı “Euronews”la canlı yayımlanıb.

Xarici siyasət rəhbərləri bildiriblər ki, razılaşmaya əsasən İranın uran ehtiyatları müəyyən edilmiş müddətdə məhdudlaşdırılacaq, Tehran yeni nüvə obyektinin tikintisindən imtina edəcək. Mövcud uran ehtiyatları yalnız tədqiqat məqsədilə istifadə ediləcək və artıq qalanlar ölkədən çıxarılacaq. Uranın zənginləşdirilməsi üçün yeganə mərkəz Natanzda olacaq. Fordoda bu məqsədlə nəzərdə tutlan bazadan isə yalnız tədqiqat məqsədilə istifadə olunacaq.

Razılaşmanın yerinə yetirilməsinə nəzarət üçün MAQATE İranın nüvə obyektlərinə giriş baxımından geniş səlahiyyətləri olacaq.

ABŞ, Avropa Birliyi və BMT TŞ isə əsas saziş imzalanandan dərhal sonra İrana qarşı sanksiyaları dayandıracaq.

Mətbuat konfransında deyilib ki, indi əldə olunan razılaşma gələcəkdə imzalanacaq əsas müqavilənin bütün mühüm çərçivələrini əhatə edir. Əsas müqavilənin imzalanması isə iyun ayına planlaşdırılır.

***

Əldə olunan razılşamaya ABŞ prezidenti Barak Obama münasibət bildirib. O, İranla razılaşmanı “tarixi hadisə” adlandırıb. Bildirib ki, bu razılaşma dünyada təhlükəsizliyə böyük töhvədir. Bu razılaşma ilə İranın nüvə silahına yiyələnə bilməsinin qarşısı alınır.

Obama qeyd edib ki, Tehran ən sərt nəzarətə razılıq verib: “Bu sazişlə İran dünyada istənilən başqa ölkədən daha çox təftişə məruz qalacaq. Bu, uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün çığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq. Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yaılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”.

ABŞ prezidenti etiraf edib ki, İranın nüvə silahına sahib olmaq cəhdini dayandırmaq üçün onların gündəliyində hərbi müdaxilə variantı da olub. Lakin hadisələrin yekunu göstərdi ki, dinc danışıqlar yolu daha yaxşıdır.

Obama Konqresi İrana qarşı sanksiyaları götürməyə çağırıb. Bildirib ki, əgər İran razılaşmanı yerinə yetirməkdən boyun qaçırsa, onda sanksiyaları yenidən bərpa etmək mümkündür. ABŞ prezidenti xəbərdar edib ki, sanksiyaların götürülməsinə razılıq verilməsə Yaxın Şərqdə daha bir müharibə ocağı yarana bilər və bunun məsuliyyəti Vaşinqtonun üzərində qalar.

***

Almaniyanın Xarici İşlər Nazirliyi bu razılaşmanı “irəliyə atılmış böyük və qətiyyətli addım” adlandırıb.

Rusiya XİN də razılaşmanı təqdir edərək bildirib ki, bu, “siyasi-diplomatik yolla ən çətin probleməri və böhranlı vəziyyətləri də həll etməyin mümkünlüyünü” göstərir.

Kreml razılaşmadan məmnun qaldığını götərsə də, maraqlıdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov onun imzalanmasında iştirak etməyib. Rəsmi məlumata görə, o, Tacikistana səfəri nəzərdə tutulduğu üçün danışıqları yarımçıq tərk etmək məcburiyyətində qalıb. Lakin danışıqlarda onun müavini Sergey Ryabkov iştirak edib.

azadliq.info