“Məndən də betər diktatorlar var…”

"Putin başqa ölkələrin ərazilərini tutmaq kimi əməllərin indi necə təhlükəli iş olduğunu anlayır"

“Mən artıq Avropanın sonuncu diktatoru deyiləm. Məndən də betər diktatorlar var, elə deyilmi? Mən artıq ən betəri deyiləm”.

Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Onun barəsində “Avropanın sonuncu diktatoru” ifadəsini gülərək şərh edən Lukaşenko digər mövzulardan da danışıb. Məsələn, deyib ki, Rusiyada imperiya ambisiyaları ilə yaşayan və Belarusu Rusiyanın əyalətinə çevirmək istəyən insanlar var.

Lukaşenkonun sözlərinə görə, Belarus Rusiyanın tərkib hissəsi olmaq niyyətində deyil. Bununla belə, Belarus prezidenti deyib ki, Rusiya prezidenti Vladimir Putin müasir adamdır, başqa ölkələrin ərazilərini tutmaq kimi əməllərin indi necə təhlükəli iş olduğunu anlayır və məqsədi rus imperiyasını bərpa etmək deyil.

Ancaq Lukaşenkoya görə, Rusiya ilə ehtiyatlı davranmaq lazımdır, çünki onun qarşısında dəyənək yelləyəndə emosional reaksiya verə bilər.

“Bloomberg” qeyd edir ki, Lukaşenko Putinin yaxın tərəfdaşıdır. Ancaq şərhlərinin bəzilərində onunla kəskin opponentlik edir. Lukaşenkonun Belarusun Rusiyanın tərkib hissəsi olmayacağı və lazım gəlsə rus qoşunlarına qarşı əldə silah döyüşəcəyini deməsi onun ölkədə populyarlığını artırıb.

Hazırda Lukaşenko üçün əsas problem iqtisadiyyatın vəziyyətidir.

“Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar bizə də ciddi təsir edir” – Lukaşenko bildirib.

Digər mənfi amillər Rusiyadan kapital axınının artması, neftin ucuzlşması və Belarus mallarına Rusiyada tələbatın azalmasıdır.

Buna baxmayaraq Lukaşenko əmin edir ki, Belarus bu il Beynəlxalq Valyuta Fonduna olan borcunu tam bağlayacaq. Minsk yeni kreditlər cəlb etməyə də hazırlaşır və BVF-dən daha 2 milyard dollar istəyir (Virtualaz.org).