Smitin dediyi “yoxsul və zavallı cəmiyyət”…

“Böyük bir hissəsi yoxsul və zavallı olan cəmiyyət sağlam və xoşbəxt sayıla bilməz”. Bunu “iqtisadiyyatın atası” Adam Smit deyib. O, bu işin fəlsəfəsini bilən biri kimi iqtisadi məsələlərin bütün xırdalıqlarını incələyib fikir süzgəcindən keçirib. Smitin daha bir maraqlı fikri də səlahiyyət əldə etmiş hakimiyyət təmsilçilərinin iqtisadiyyat üzərindəki nəzarəti ilə bağlıdır: “Kralların və nazirlərin şəxsi adamlarının iqtisadiyyatın keşikçiləri olduqlarını iddia etməsi boş fərziyədir. Onlar özləri cəmiyyətdə ən böyük israfçılardır…”
Smitin tərif etdiyi cəmiyyət sizə nə qədər tanış gəlir?  Şəxsən, mənə çox tanış gəlir. Qanunların mahiyyətini itirdiyi, hüquqların şəxsi insanların əlində alətə çevrildiyi bir məkan təsəvvür edin! Özünüzü o məkanın mərkəzində görmürsünüzmü? Çevrənizdə yüz minlərlə çarəsiz  və ümidini itirmiş insanın kədərli siması. Ildə üç dəfə sökülüb, təkrar-təkrar mərmər döşənən küçələrində qul bazarları açılan bir paytaxt şəhəri! Hər il abadlaşdırma adına milyonlar xərclənən və göy üzünə bulud gələn kimi gölə çevrilən mərkəzi küçələr! Qiyməti 30-40 min dollardan başlayan bahalı maşınların yaratdığı tıxaclı prospektlərdə dilənmək üçün sıraya düzülən yaşlı qadınlar. Dəbdəbəli və nəhəng dövlət binalarının qarşısında borclardan, haqsızlıqlardan bezib üsyan edərək özünü yandıran insanlar. Işsizlikdən, inhisarçılıqdan, dərəbəylikdən dolanışıq arxasınca baş alıb uzaq ölkələrə gedən işsizlər ordusunun arxasında qalan bomboş kimsəsiz kəndlər!
Smitin bəhs etdiyi həmin “cəmiyyətdəki ən böyük israfçılar” tanış gəlmir ki, sizə? Mənə çox tanış gəlir. Sizə də tanış gəlməlidir, əslində. Sərvət qaynayan milyardlar ölkəsində sizi kasıblıq, işsizlik, evsizlik, pulsuzluq dərdi ilə baş-başa buraxanlar. Qanunları çeynəyib böyük inhisarlar yaradan, bazarları bahalaşdıran, bütün iqtisadi imkanları ələ keçirib təbəqələşməni dərinləşdirən, kiçik və orta sahibkarlığı sıradan çıxaran, yoxsulları aclıq girdabına salan, münbit torpaqlara sahiblənib kəndlinin əlini boşda qoyanlar. Rüşvəti həyat normasına çevirib təhsil və səhiyyəmizi dağıdan, qamarladığı gözəl məkanlarda ulduzlu hotellər ucaldıb bu ölkənin istirahət guşələrini üzümüzə bağlayan, görünməmiş qiymət tarifləri qoyub dincəlmək hüququmuzu əlimizdən alanlar. 
Bəli, bu mənzərələr hər birinizə tanış gəlməlidir. Çünki Smitin xatırlatdığı o cəmiyyətlə bizim yaşadığımız cəmiyyəti heç nə fərqləndirmir. Illərdir bu yerdə hüzurumuz, dincliyimiz, rahatlığımız pozulub. On-on beş il əvvəl böyük layihələrin gerçəkləşməsi ilə hər şeyin yaxşı olacağına inanan ölkə insanı indi depressiya halından çıxa bilmir. Artıq hər kəs anlayır ki, nə o qlobal layihələrin gətirdiyi qazancdan, nə də həmin pullar hesabına sökülüb-tikilənlərdən adi insanlara çatacaq bir şey olmayacaq. Bu illərdə fondlara, büdcələrə nələr dolub-boşaldı, özünü “iqtisadiyyatın keşikçiləri” elan edənlərin əlindən nələr gəlib-getdi, sadə insanlara hesab verən yox. Elə bu hesabsızlıq üzündən də sadə insanın cibi yenə boş, evi yenə ehtiyac içində, süfrəsi yenə yoxsul olaraq qalır…  
Amma hesabdan az-çox başı çıxanlar bilir ki, əslində, o haqla bağlı bir şeydir. Yəni söhbət haqq-hesab söhbətidir. Əgər haqqınızı yeyib hesabınızı vermirlərsə və siz də susub durursunuzsa, o zaman özünüz hesab ödəmək zorundasınız. Ya buna qatlanıb birdəfəlik “yoxsul və zavallı cəmiyyətdə” bədbəxt həyatınıza davam edəcəksiniz, ya da, nəhayət, bu zülmə qarşı çıxıb israrla haqqınızı istəyəcəksiniz. Bu haqq-hesab işinin başqa bir izahı yox artıq…