Azərbaycanla bağlı nəhəng korrupsiya qalmaqalının – Kojeni olayının əsas iştirakçılarından olan Frederik Burk həbsdən azad edilib. Bu barədə ABŞ-ın “democracy now” saytı məlumat yayıb.
Məqalədə bildirilir ki, Frederik Burk Xəzər sahilində yerləşən neftlə zəngin Azərbaycanla bağlı nəhəng korrupsiya əməliyyatının üstü açılandan sonra həbs olunmuşdu:
“Burk bahalı əl çantalarının istehsalı ilə məşğul olan ”Dooney and Bourke" şirkətinin yaradıcısı kimi məşhurlaşıb. O həmçinin pulunu xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım edən qurumlara xərcləyən xeyriyyəçi kimi tanınır.
1990-cı illərin ortalarında o, Viktor Kojeni adlı çexiyalı ilə tanış olub. Həmin Kojeni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yiyələnmək üçün investorları ələ almağa çalışırdı.
Bir sıra ciddi investorlar imkanları nəzərdən keçirərək, bu işə böyük pullar yatırıblar. Onların arasında keçmiş senator Corc Mitçel, Kolumbiya universitetinin Investisiya Fondu, sığorta nəhəngi AIG, gizli fonların əfsanəvi meneceri Li Kuperman da olub. Lakin Kojeni pulları da götürərək aradan çıxıb.
Bu korrupsiya qalmaqalına görə həbs olunmuş Burk bir müddət əvvəl azadlığa buraxıldığı halda, Kojeni ümumiyyətlə, heç tutulmayıb.
Bu işdə zərərçəkənlərdən olan keçmiş senator Corc Mitçel “democracy now” saytına açıqlamasında “Burk məsuliyyətdən azad edilməlidirmi?” sualına belə cavab verib: “Düşünmürəm ki, ilk növbədə cəzalandırılmalı adam məhz Burk idi…”
***
Saytın senator Mitçellə müsahibəsini təqdim edirik:
– Cənab Mitçel, Sizə başqa bir sual vermək istəyirik. Biz Frederik Burkun da daxil olduğu qəribə olayı araşdırırıq. Söhbət Iranla həmsərhəd olan Azərbaycandan gedir. Sovet Ittifaqının dağılmasından sonra bu ölkədə özəlləşmə rekord səviyyədə həyata keçirilirdi. Bu səbəbdən hesab olunurdu ki, Azərbaycanda neft sahəsini də özəlləşdirə bilərlər. Bir çoxları, o cümlədən siz, Kolumbiya Universiteti, “Dooney and Bourke” çanta firmasının yaradıcısı Frederik Burk bu işə yatırım qoyub. Son nəticədə pullar oğurlanıb. Burkun vəkili Maykl Tiqar bu məsələ haqda danışarkən deyirdi ki, Kojeni fırıldaqçı olub. O, Burkun pullarının bir hissəsini, həmçinin digər investorların vəsaitlərini oğurlayaraq aradan çıxıb. O, həmin vəsaitlərin bir hissəsinə azərbaycanlı məmurları satın alıb. Indi də Baham adalarında problemsiz həyat sürür. Son nəticədə bu iş üzrə həbs edilən yeganə adam Burk oldu.
Hökumətin Məsuliyyəti Layihəsində Burk Azərbaycanla bağlı korrupsiya qalmaqalı üzrə informator kimi təqdim olunur. Lakin o, bugünlərdə həbsdən buraxılıb. Bəs siz necə, onun həqiqətən informator olduğunu düşünürsünüzmü? Sizcə, Burk məsuliyyətdən azad edilməli idimi?
– Mən hesab edirəm ki, o, mühakimə olunmamalı idi. Baş verənlər baxımından bu, məyusedicidir. Burkun həbsdə keçən illərinə görə təəssüflənirəm.
– Sizcə o, adını təmizə çıxarmaq üçün bəraət almalıdırmı?
– Belə bir şeyin baş verəcəyinə əmin deyiləm. Çünki o, artıq mühakimə olunub. Onun barəsində çıxarılan hökm də qüvvəsində saxlanılıb. Amma dediyim kimi, düşünmürəm ki, ilk növbədə mühakimə olunmalı şəxs məhz Burk idi.
***
Xatırladaq ki, Kojeni qalmaqalı 1998-ci ildə baş verib. Söhbət Azərbaycan Dövlət Neft Şirkətinin özəlləşdirilməsi üçün ölkə rəhbərliyinə yüzmilyonlarla rüşvət verilməsindən gedir. Burk təxminən iki il Nyu-Yorkun Manhetten rayon məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilmişdi. Sözügedən məhkəmə prosesində Kojeninin köməkçiləri ifadə verərək bildirmişdilər ki, 1998-ci ildə o, Azərbaycan rəhbərliyinə milyonlarla dollar ödəmək müqabilində Dövlət Neft Şirkətini özəlləşdirmək haqda razılığa gəlib. Neft şirkəti üzərində nəzarəti ələ almaq üçün Kojeni Azərbaycan hökumətinin buraxdığı milyonlarla qiymətli kağızı alıb ki, özəlləşdirmək üçün istifadə etsin. Ancaq planlar suya düşdükdən sonra başqa bir investor – Oşaqnessi Kojeninin aldığı qiymətli kağızları əldə edib. Oşaqnessi illərlə Azərbaycan hökumətindən qiymətli kağızların pulunun ödənilməsini tələb edib. Bir müddət əvvəl ABŞ mediası məlumat yaymışdı ki, 2008-ci ilin martında Azərbaycan hökuməti Oşaqnessidən kuponları 150 milyon dollara almağa razı olub. Kanzas mərkəzi neft şirkətinin icraçı direktoru olan Oşaqnessi isə Azərbaycandan 300 milyon dollar tələb edirmiş. Tərəflər arasındakı danışıqlarda da ona o vaxtkı senator Sem Braunbek kömək edirmiş.
Məlumatda o da qeyd olunurdu ki, 2008-ci ilin fevralında Azərbaycan prezidenti ilə Kanzasın yeni qubernatoru Braunbek arasında görüş olub. Senator Braunbek uzun müddətdir ləngiyən biznes məsələsini “seçicilərindən birinin adından” xatırladıb. O deyib ki, onun seçicisi Azərbaycan hökuməti ilə məsələnin 150 milyon dollarla həll olunmasına yazılı razılıq əldə edib. Qubernator həmçinin prezidentin öz tabeliyində olanlara bu işi həll etməyi tapşıracağına ümid etdiyini bildirib.
Informasiya şöbəsi