Ölkənin uçuruma aparıldığı etiraf edildi

 
Elman Rüstəmov: «Neftin qiymətinin 55 dollara düşməsinə reaksiya verməmək iqtisadiyyatı uçuruma aparmaq kimi bir şeydir»

 
Azərbaycan Mərkəzi Bankının (AMB) Idarə Heyətinin sədri Elman Rüstəmov maraqlı etiraflarda bulunub. Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsində hər hansı ciddi dəyişiklik etməyi nəzərdə tutmadığını deyən E.Rüstəmov bununla belə bildirib ki, dünya bazarında baş verən proseslər manatın kursunu yenidən dəyişdirə bilər.
E.Rüstəmovun sözlərinə görə, devalvasiyaya uğrayan manat yox, Azərbaycan neftidir: "Vaxtilə neftin qiyməti 140 dollar idi. Bu gün isə qiymət 55 dollara qədər düşübsə, bunu düşünmək lazımdır. Buna reaksiya verməmək, görməzliyə vurmaq Azərbaycan iqtisadiyyatını uçuruma aparmaq kimi bir şeydir".
E.Rüstəmovun fikrincə, neftin qiymətinin düşməsi fonunda manatın məzənnəsinin aşağı salınması barədə Mərkəzi Bankın verdiyi qərar məsuliyyətlidir. O deyib ki, manatın bugünkü qiymətini “idarə olunan üzən məzənnə” adlandırmaq olar: “Bu o deməkdir ki, dinamik olaraq dəyişən makroiqtisadi situasiyaya uyğun xarici valyutalara nisbətdə manatın dəyərini axtarıb tənzimləməliyik. Məqsəd valyutamız və ixracatçılarımızın xeyir götürə bilməsi üçündür. Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir bu zonada hərəkət edir. Bizim də bu il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır”.
E.Rüstəmov onu da qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsi nəzərdə tutulub.
Əslində E.Rüstəmovun açıqlaması müstəqil ekspertlərin rəylərini bir daha təsdiqlədi. Azərbaycan manatını güclü edən faktorun məhz dünya bazarındakı neftin qiymətinin olduğunu MB rəhbəri də etiraf edib.
Digər bir etiraf isə dövlət büdcəsində neftin qiymətinin 90 dollardan götürülməsinin yanlış olmasıyla bağlıdır. Müstəqil ekspertlər bunun yanlış addım olduğunu desə də, hökumət bu yanlışını düzəltmədi. Amma indi bildirilir ki, gələn il üçün neftin büdcədəki qiyməti 50 dollardan götürüləcək.
 
Nemət Əliyev: “Elman Rüstəmov onu etiraf edir ki, dünyada gedən proseslər Azərbaycana təsirsiz ötüşmür”
 
 
Iqtisadçı Nemət Əliyev hesab edir ki, rəsmilərin indiki açıqlamaları büdcə müzakirələri vaxtı verilən bəyanatlardan fərqli olaraq reallığa yaxındır. Hakimiyyət təmsilçilərinin neftin qiyməti, manatın məzənnəsi ilə bağlı əvvəlki açıqlamalarının eyforiyaya qapılaraq verildiyini deyən N.Əliyev bildirdi ki, hazırda E.Rüstəmov onu etiraf edir ki, dünyada gedən proseslər Azərbaycana təsirsiz ötüşmür: “Amma məsələyə bu cür münasibət başa düşülmür. Necə yəni ”devalvasiya olunan manat deyil, neftdir". Devalvasiya daha çox milli valyutaya aid məsələdir. Faktiki olaraq Mərkəzi Bankın qəbul etdiyi qərar da manatın dəyərdən salınmasına yönəlib. Devalvasiyaya gedilən zaman bunun neftin qiymətinin enməsi ilə bağlı olduğu axı deyilməmişdi. Burada hakimiyyət təmsilçiləri özlərini ağıllı göstərməyə çalışırlar. Bütün bunlar məsuliyyət hissinin itirilməsidir. Bir müddət əvvəl hakimiyyət təmsilçiləri dövriyyəyə başqa ifadələr gətirmişdilər. Həmin ifadələrə misal olaraq “təmkinli büdcə”ni göstərmək olar".
N.Əliyevin sözlərinə görə, manatın devalvasiyasına görə məsuliyyət məhz MB-nin üzərinə düşür. MB-nin zaman-zaman manatın kursunu iqtisadi reallıqlara uyğun olaraq dəyişdirməli olduğunu deyən N.Əliyev bildirdi ki, amma ötən müddət ərzində bu edilməyib: “Mərkəzi Bank neft pullarının güclü axını olduğu müddətdə də düzgün pul-kredit siyasəti yürütməyib. Mərkəzi Bankın yeritdiyi siyasət qeyri-neft sektorunun inkişafını dayanıqlı əsaslar üzərinə gətirə bilməyib. Bu günləri qeyri-neft sahələrinin hamısının göstəriciləri enməkdə davam edir. Burada Mərkəzi Bankın rəhbəri kimi Elman Rüstəmovun da məsuliyyəti var”.
Neftin qiymətinin düşməsinin fonunda manatın ikinci devalvasiyasının qaçılmaz olduğunu deyən N.Əliyev bildirdi ki, hökumət ən pis halda baş verə biləcək ssenarini gözünün önünə gətirməlidir. Amma baş verən proseslər onu göstərir ki, hökumət hadisələrin pesemist inkişafına hazır deyildi: “Hazırda istehsal sahələrində kəskin ixtisarlar gedir. Banklar istehsal sektorunun maliyyələşməsində fəaliyyətini azaldıb. Əhalinin manata etibarı azalıb, bank sektorunda kəskin vəziyyət yaranıb. Bankların böyük əksəriyyəti manatla kredit verməkdən imtina edir. Digər bir tərəfdən də qiymətlərin qalxması müşahidə olunur”.
 
Samir Əliyev: “Əgər üzən məzənnəyə keçilsə, manat sürətlə kursunu dəyişəcək”
 
 
Iqtisadçı Samir Əliyev də “facebook” səhifəsində E.Rüstəmovun açıqlamasına münasibət bildirib. S.Əliyev vurğulayıb ki, MB rəhbərinin açıqlaması növbəti devalvasiyanın ola biləcəyi ilə bağlı müzakirələrə yol açıb: “Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov qeyd edib ki, tam üzən məzənnə siyasətinə keçsələr, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər.
Bununla bağlı mətbuatda artıq manatın növbəti devalvasiyası barədə məlumatlar yol açıb. Bu gün Mərkəzi Bankın manata birbaşa və ya dolayı yönəlik istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır. Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addımı atacaq” fikrini hakim edib. Qayıdaq üzən məzənnənin devalvasiya ilə əlaqəsinə".
S.Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub. Deməli, manatın gücü yeganə olaraq ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiymətidir. Ona görə də tam üzən məzənnəyə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər: “Təsəvvür edin ki, üzən məzənnə olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manata təyziq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi. Indi əgər üzən məzənnəyə keçilsə, manat sürətlə kursunu dəyişəcək. Ona görə də Azərbaycanın tam üzən məzənnəyə keçməsi real deyil. Açığını deyim ki, bu, üfüqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatı Azərbaycandan yaxşı diversifikasiya olunmuş Rusiya tam üzən məzənnəyə keçə bilmədi. Rusiya Mərkəzi Bankı maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir.
Devalvasiyaya gəlincə, köhnə fikrimizdə qalırıq. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək".
S.Əliyevin sözlərinə görə, əgər neft 30-40 dollara (bu, 45 dollar da ola bilər) qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq. “Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. Indiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacaq deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tutur. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa ”üzdüyünü" müşahidə edəcəyik", deyə ekspert vurğulayıb.
Xəyal