Hökumətimiz ölkədə qeyri-neft sektorunun inkişafı görüntüsünü yaratmaq üçün, illərə ad qoymağa başladı. “Sənaye ili”, “Turizm ili”, “Ekologiya ili”, “Gənclər ili” elan etməklə guya bu sahələrdə inkişafa nail olacaqdılar. Əvvəlki yazılarımzda da izah etməyə çalışmışdıq ki, Azərbaycanda turizmin, ekologiyanın, sənayenin və gənclər siyasətinin heç bir uğuru olmadı, əksinə, geriləmə müşahidə edildi.
Analoqsuz hökumətimiz 2015-ci ilə də ad qoydu və bu il “Kənd təsərrüfatı ili” elan edildi. Amma sonrakı proseslər göstərdi ki, hökumət yenə də xalqla zarafat edir. Söhbət kənd təsərrüfatının bərbad vəziyyətdə olmasından, bu sahədəki korrupsiya faktlarının aşkarlanmasından, yerli sahibkarların sıxışdırılaraq, kənd təsərrüfatı sahəsindəki fəaliyyətlərinin məhdudlaşdırılmasından, monopolist məmurların idxal asılılığı yaratmasından getmir. Söhbət həm də ondan gedir ki, ölkədə kənd təsərrüfatı ilə bağlı strukturlar yox edilir.
Belə ki, “Kənd təsərrüfatı ili” elan etmiş prezident bir müddət sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi haqqında sərəncam imzaladı. Halbuki bu komitənin bütün rayonlarda şöbələri fəaliyyət göstərirdi. Bugünlərdə isə Azərbaycanda daha bir sturuktur islahatı həyata keçirildi. Belə ki, Icra hakimiyyətlərinin aqrar şöbələrinin də fəaliyyəti dayandırıldı. Aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib.
Ləğvÿedilmiş strukturların necə fəaliyyət göstərdikləri, hansı töhfələri verdikləri başqa yazının mövzusudur. Yəqin ki, bu strukturlar fəaliyyət göstərdikləri dövrdə də hər hansı nailiyyət əldə etməyiblər. Ən azı ona görə ki, mövcud sistemin prioritetləri sırasında qeyri-neft sektoru ən axırıncı sırada olub. Bəlkə də bu ölkədə ləğv edilməli olan 100-lərlə struktur var.
Sadəcə olaraq, “kənd təsərrüfatı ili” elan etmiş hökumətin kənd təsərrüfatı ilə bağlı strukturları ləğv etməsi absurd görünür. Bu strukturlarda real islahatların aparılması, fəaliyyətinin gücləndirilməsi, daha adekvat təsir bağışlayardı.
Görünür, hökumətimiz illərə ad qoymaqla bütün işin bitdiyini düşünür. Bəlkə də bu ilə qoyduqları adı da yaddan çıxarıblar.
Bu ili “kənd təsərrüfatının məhvi ili” adlandırsaydılar, daha uğurlu “ad qoydu” olardı.
Bir də ki, kəndlərdəki insanları ölkədən qaçırdıb, kənd təsərrüfatını inkişaf etdirmək iddiası “fenomenal” hadisədir.


