Qəzzafinin oğlu: “Atamın qurduğu rejim öldü”

Diktator Qərbə Liviyada seçki keçirməyi təklif edir

 

NATO qırıcıları növbəti dəfə Liviya diktatoru Müəmmər Qəzzafinin iqamətgahının yerləşdiyi Tripolinin Bab əl Əziziyyə bölgəsini bombalayıb. İyunun 15-dən 16-na keçən gecə Qəzzafinin iqamətgahında partlayışlar baş verib. Bab əl Əziziyyədəki hərbui obyektlər də koalisiya qüvvələrinin hədəfində olub.

 

Bu arada Rusiya prezidenti Dmitri Medvedevin xüsusi nümayəndəsi Mixail Marqelov yenidən Liviyaya səfər edib. “İnterfaks” agentliyinin məlumatına görə, Mixail Margelovun dünən Tripolidə Qəzzafi rejiminin xarici işlər naziri Əbdülati Ubeyd ilə görüşündən sonra verdiyi açıqlamasında Liviya diktatorunun müxalifətlə danışıqlar üçün atəşkəsin bir an əvvəl elan edilməsini şərt kimi irəli sürdüyünü bildirib.

Marqelov Qəzzafinin atəşkəsin elanından sonra müxalifət nümayəndələri ilə ölkə xaricində bir yerdə görüşmək istədiyini söyləyib.

İtaliyanın “Corriere Della Serra” qəzetinə müsahibə verən Liviya diktatorunun oğlu Seyfülislam Qəzzafi ölkədəki böhrandan çıxış üçün beynəlxalq müşahidəçilərin iştirakı ilə ədalətli seçkilərin keçirilməli olduğunu, bunu atasının da istədiyini vurğulayıb. O, seçkilərin 3 ay ərzində nə geci isə ilin sonuna kimi keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Seyfülsilam Qəzzafi növbəti dəfə koalisiya qüvvələrinin ünvanına sərt ittihamlar səsləndirərək atasının Liviyanı tərk etməyəcəyini söyləyib:“Bəzi şeylər oldu. Artıq geriyə yol yoxdur. 1969-cu ildən bəri atamın qurduğu rejim öldü və dəfn edildi. Tamamilə yeni bir model qurmaq lazımdır”.

Əlcəzairdə səfərdə olan Fransanın xarici işlər naziri Alan Jupe Müəmmər Qəzzafinin hakimiyyəti buraxmalı olduğunu bir daha tərkrarlayıb. Onun sözlərinə görə, Liviya diktatorunun istefa getməsi BMT qətnamələrində göstərilməsə də, dünya ictimaiyyəti onun dərhal vəzifədən getməsində vahid mövqeyə sahibdir.

İnformasiya şöbəsi